6 Fevral 2020 14:05
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amerikalı senatorlar səs çoxluğu ilə prezident Donald Trampa qarşı Nümayəndələr Palatasının səs verdiyi impiçmenti təsdiq etmədilər. Bu gözlənilən idi. Çünki Nümayəndələr Palatasından fərqli olaraq Senatda Respublikaçılar Partiyası çoxluqdadır. Onlar isə bir senator Mitt Romnini çıxmaq şərtilə yekdilliklə impiçmentin əleyhinə səs verdilər. O ki qaldı Mitt Romniyə, o, vaxtilə partiyasından prezidentliyə namizəd olmaq istəyirdi, mümkündür ki, senatorun Trampla şəxsi hesabı var”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Tramp partiyadaşlarının dəstəyi hesabına böyük təhlükədən qurtuldu və Ağ Evdəki işinə noyabr ayına – növbəti prezident seçkisinə qədər davam edə bilər:

“Demokratlar istəklərinə çatmadılar. Ancaq Demokratlar Partiyasından olan bir konqresmenin sözlərinə görə, Tramp Amerika tarixinə impiçmentlə üzləşmiş prezident kimi düşdü. Bu, Trampı əsla narahat etmir. Ona qalsa, demokratların prezidenti olmuş Bill Klinton da impiçment təhlükəsiylə üzləşmişdi və onun məsələsi Trampınkından daha biabırçı idi. Ağ Evdə təcrübə keçən qızla otağında dəfələrlə cinsi əlaqədə olmuş və yalan danışmağa cəhd etmişdi”.

Elxan Şahinoğlu bildirib ki, Trampın impiçment dövründə məzlum duruma sürüklənməsi sıravi amerikanların bir qisminin xoşuna gəlmədi:

“Təsadüfi deyil ki, bu dövrdə Trampın reytinqi 6 faiz artdı. Amerika iqtisadiyyatında da işlər pis getmir. Amerikalıların 63 faizi iqtisadiyyatdakı vəziyyətdən razıdır, işsizlik ölkə tarixinin son 50 ilində ən aşağı səviyyəyə düşüb. Amerikalılara bu lazımdır, yoxsa Trampın Ukrayna prezidentini yardımı kəsməsiylə hədələməsi, rəqiblərini qanunsuz yollarla neytrallaşdırmaq istəyi demokratlardan başqa kimsənin vecinə də deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər