24 Sentyabr 2014 21:45
935

Azərbaycanda qadınların ölkənin sosial-iqtisadi və siyasi həyatına daha da cəlb edilməsini artırmağa hesablanmış "Power to Women" layihəsi həyata keçirilir.

Trend xəbər verir ki, bu gün Avropa İttifaqı (Aİ) nümayəndə heyətinin Bakıda təşkil etdiyi təqdimat zamanı bu layihənin reallaşdırılması gedişində əldə olunmuş müvəqqəti nəticələr haqqında jurnalistlərə məlumat verilib.

Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən "Power to Women" layihəsinə ötən ilin noyabrında təşəbbüs göstərilib və 2 il üçün nəzərdə tutulub.

Layihə çərçivəsində qadınların öz hüquqları barədə zəruri biliklər, ölkə qanunları, iqtisadi prinsiplər, habelə sahibkarlıq və kommunikativ biliklər haqqında zəruri məlumatlar əldə edə biləcəyi xüsusi təlimlər keçirilir.

Layihə çərçivəsində treninqlərə Azərbaycanın müxtəlif bölgələrindən təqribən 400 qadın qoşulacaq. İştirakçılar üçün yaş məhdudiyyəti yoxdur. Belə ki, treninqlərə 20 yaşınadək tələbə qızlar, həmçinin 50 və daha yuxarı yaşda olan qadınlar gələ bilərlər. Bu qadınlardan bir çoxu artıq kulinariya, ticarət, dərzilik və digər sahələrdə kiçik bizneslə məşğuldur. Treninqlər onlara kiçik müəssisələrin fəaliyyətinin hüquqi əsasları ilə tanış olmağa və rəsmi səviyyəyə çıxmağa kömək edəcək.

Oktyabrın sonunda qadınların istehsal etdikləri məhsulları təqdim edə biləcəyi saytın açılması planlaşdırılır. Dekabrda isə Bakıda kənd yerlərindən olan qadın sahibkarların yaratdığı məhsulların xüsusi sərgisi keçiriləcək.


Müəllif: