Türkiyə ordusu Bəşər Əsəd qüvvələrinin Suriyanın İdlib və Hələb bölgələri yaxınlığında yerləşən Təl-Rıfatdakı hərbi mövqelərinə top zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, Əsəd ordusunun əks həmləsinə verilən cavab nəticəsində rejim qüvvələrinin 15 hərbçisinin həlak olduğu bildirilib.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Taftənaz şəhərindəki köhnə hava limanını hərbi bazaya çevirib. Türk ordusu Mar Hitat bazası yaxınlığından keçən Xan Şeyxuna gedən magistral yolu da bağlayıb.
Habelə Əsəd qüvvələrinin Təl-Rıfatdakı hərbi düşərgəsi və əməliyyat nöqtələri darmadağın edilib. Əl-Nəyrab kəndində türk ordusuna hücuma keçən “Hizbullah” terror təşkilatının bölməsi dislokasiya yerində vurulub.
Qeyd edək ki, fevralın 3-də Bəşər Əsəd ordusunun İdlibdə keçirdiyi əməliyyatlarda 8 türk hərbçisi həlak olmuşdu.