8 Fevral 2020 09:16
2 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rizədən İstanbula köçən yoxsul bir ailənin uşağı olan Rəcəb Tayyib Ərdoğanın həyat hekayəsi Türkiyənin son 50 illik siyasət tarixinin xülasasidir. Çoxpartiyalı hökumət, Menderesin edamı, siyasi savaşlar, 12 sentyabr qiyamı, Özalla başlayan liberal dalğa, 28 fevral prosesi, klassik sağçı partiyaları çöküşü və AKP-nin ortaya çıxması... Rəcəb Tayyib Ərdoğan bu olayların bir hissəsinin izləyicisi, əksəriyyətində isə rol alan siyasi oyunçu idi. Cəmiyyət hakimiyyəti 2001-ci ildə bəri Türkiyə siyasətində 1990-cı illərdə ulduzu parıldayan bu adama etibar edib.

Teleqraf.com Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uşaqlığı haqda yazını təqdim edir.

O, ötən əsrin ortalarında yoxsulluğa görə bölgələrdən İstanbula köç edən yoxsul ailələrdən birinin övladı idi. Oxumaq, ailəsinin maddi qayğılarına dəstək olmaq üçün kiçik yaşlarında küçələrdə işləmək məcburiyyətində qaldı. Təhsil aldığı məktəbdə ayrı-seçkiliyə məruz qalan Ərdoğanın uşaqlıq arzusu futbolçu olmaqdı. Qiyam dövründə siyasi mövqeyinə görə işdən qovuldu. Həmçinin siyasi fikirlərinə görə həbs həyatı yaşamağa da məcbur olmuşdu. Əlbəttə bunlar Rəcəb Tayyib Ərdoğanı Menderes-Özal ənənəsinin mirasçısı kimi siyasətin zirvəsinə qaldıran olayların başlanğıcı idi.

Özal-Menderes ənənəsi

Tənzilə və Əhməd Ərdoğanın ailəsinə doğulan Rəcəb Tayyib ailənin ikinci övladı idi. Rizənin Güneysu qəsəbəsindən yoxsulluq və işsizlik səbəbindən 13 yaşında köç edən atasının əvvəlki evliliyindən iki uşağı vardı. Dənizdə bərə kapitanı olan Əhməd Ərdoğan ona öz atasının adını vermişdi. Keçmiş təqvimə görə rəcəb ayında doğulan uşağa bu ad qoyuldu. Atası Demokrat Partiyasının üzvü idi. Rəcəb Tayyib hələ bir yaşı olmamış Demokrat Partiyası seçkilərdə qələbə qazandı. 1950-ci il seçkilərində 52.7 faiz səslə qalib gələrək təkbaşına hökumət qurmaq imkanı əldə edən Adnan Menderes 1954-cü ildə CHP qarşısında səslərini iki dəfə artıraraq ikinci dəfə seçkiləri qazandı.

Demokrat Partiyası bu dövrdə 57.6 faizlik səslə çoxpartiyalı bir ölkədə rekord qırırdı. Bu hadisədən 53 il sonra Ərdoğan özünün qurduğu partiya ilə CHP-ni təkbaşına məğlub edərək ölkənin baş naziri olacaqdı. Həmin dövrdə gələcəkdə siyasi mirasçısı olacağı Turqut Özal da bürokratiyanın pillələrini qalxmağa başlamışdı. Özal ABŞ-dakı təhsilini başa vuraraq ölkəyə qayıtmış, Elektrik İdarəsində sıravi məmur kimi işləyirdi. Ərdoğan hər nə qədər siyasi xətt olaraq Menderesə, liberal baxışı ilə Özalı xatırlatsa da, gəldiyi sosial çevrə, təhsil aldığı məktəblər və işlədiyi qurumlara baxanda onlardan fərqli görünür.

Menderesin edamı

Menderes elit məktəblərdə təhsil almış, CHP-dən gəlmə bir siyasətçi idi. Özalın atası bank işçisi, anası ibtidai sinif müəllimi – bürokratiyanın, yəni hakimiyyətin içində yetişmiş bir siyasi liderdi. Jurnalist Can Dündar Ərdoğan haqda yazırdı:

“Ərdoğan Kasımpaşadan çıxıb bələdiyyə istisna olmaqla bürokratiyanın yorucu dəzgahından keçmədən hökumətə çatmağı bacaran yeganə sağcı liderdir”.

İlk baxışda hər nə qədər Menderes və Özal sağçı kimi görünsə də, ənənəvi siyasətçi idilər. Ərdoğanın sağ kuluarlarda siyasət yürütməsi və Menderes sevgisinin kökündə şübhəsiz atası Əhməd Ərdoğanın təsiri var. O zaman “bir qrup siyasi azlığın partiyası” adlandırılan CHP qarşısında Anadolunun mühafizəkar ənənələrinə sayğılı bir siyasət yürüdən Adnan Menderesin qiyamçılar tərəfindən 1961-ci ildə edam edilməsi atası ilə yanaşı Rəcəb Tayyib Ərdoğanı da göz yaşlarına boğdu.

“O gün baş verənlər...”

Atasının kədərli halını görən yeddi yaşlı Rəcəb Tayyib çox da yaxşı anlamadığı bu vəziyyət qarşısında göz yaşlarına hakim ola bilməmişdi. Çox sonralar Ərdoğan o gün yaşadıqlarını bu cümlələrlə ifadə etmişdi:

“Rəhmətlik Menderesin əlləri arxasında bağlı, əynində edam libasında dar ağacına getdiyi yerdə rəsmi var. Həyat məcmuəsindəki rəsmlər, məhkəmə sənədləri vardı, atam onların dərc olunduğu qəzeti evə gətirmişdi. Mən də qəzetə baxarkən o mənzərəni gördüm. Orada çox anlamlı, duyğulu ifadələr də yer alırdı. Əlbəttə o vaxt mən bunları çox yaxşı anlamırdım. Amma edama gedən belə bir insan, ata və anamın duyğusal anları, yəni evdə bir duyğu vardı. Dövlətə bu qədər xidmət edən bir insanın edama aparılması olayı var”.

Yüksəlişin əlamətləri

Piyalə Paşa orta məktəbinin beşinci sinfində din dərslərinə qatılan məktəb direktoru İhsan Aksoyun bir gün şagirdlərə verdiyi sual bəlkə də Tayyip Ərdoğanın bütün siyasi həyatını şəkilləndirəcək nəticələr ortaya çıxardı. Dərs vaxtı yaxındakı məsciddən azan səsi eşidildi. Aksoy şagirdlərdən “Kim namaz qılmağı göstərəcək?”, - deyə soruşdu. Kimsədən səs çıxmadı, amma Rəcəp Tayyib əlini qaldırıb “Mən namaz qılaram”, dedi. Müəllim yerə bir qəzet sərdi və ondan namaza başlamasını istədi. Ancaq Ərdoğan etiraz etdi. Üzərində rəsmlər olan qəzetin üstündə namaz qıla bilməzdi. Bu, müəllimini həm təəccübləndirdi, həm də sevindirdi. Müəllim masanın üzərindəki örtüyü yerdə sərdi və Ərdoğan şagirdlərə namazın necə qılındığını göstərdi.

Bu hadisədən sonra məktəbdə ona “xoca” deyə xitab edirdilər, nüfuzu xeyli artmışdı. Namaz sayəsində müəllimindən beş almağı bacardı, din dərsi xanasındakı qiyməti də yüksəkdir. Bundan sonra – 1965-ci ildə İmam Xatib liseyinə adını yazdırdı. Artıq Rəcəb Tayyib üçün yeni bir həyat başlayırdı.

Yoxsul ailə

Atasının qazancı beş uşağın yemək və məktəb xərclərinə bəs etmirdi. Orta məktəbə başlayan Tayyib Ərdoğan məktəb xərclərini çıxarmaq üçün kiçik yaşlarında küçələrdə işləməyə məcbur qaldı. Məktəbdən sonra boş qalan vaxtlarında gah su, gah konfet, gah da salfet sataraq ailəsinə yük olmadan təhsilini davam etdirirdi. Əlbəttə çörək pulu üçün apardığı mübarizə dərslərinə də mənfi təsir edirdi. Qiymətləri aşağı düşdü, din dərsindəki qiyməti isə əla idi.

Orta məktəbdə başladığı ticarət həyatı ali məktəb illərində də davam etdi. Yoxsulluq və işləmək məcburiyyəti Tayyip Ərdoğana istər həyat, istərsə də siyasətdə zirvəyə qalxmaq şansı verirdi. Ərdoğan qıt-qənaət yaşayan ailəsinə yük olmamaq üçün liseyin yataqxanasında qaldı. Çünki atasının verdiyi məktəb xərcliyi ilə təhsili davam etdirmək mümkün deyildi. Dövr kəmərləri sıxma dövrüydü. Soyuq günlərdə belə xərclərini azaltmaq üçün məktəbə uzun məsafələri piyada gedir, piyada geri qayıdırdı.

Limon satan uşaq

Həftə sonlarında isə limon alıb satırdı. Ticari zəkasını işə salaraq çoxlu pul qazanmağın yollarını da tapdı. Simit dükanlarına gedib axşamdan qalma boyat simitləri yarı qiymətinə alır, anası buxarda isidib yumşaldırdı. O da bazarda 10 quruşa satılan simitləri 5 quruşa sataraq pul qazanırdı. Yataqxanada ticari fəaliyyətlərdən biri də məktub markalarının satışı idi. Yataqxanadakı uşaqlar tez-tez ailələrinə məktub göndərirdilər, o da bundan qazanc əldə edirdi. Təhsilini davam etdirən Tayyib Ərdoğan öz xərclərini ödədiyi kimi ailəsinə də dəstək olmağa başlamışdı. Qazandığı pulların böyük hissəsini kitab almağa xərcləyirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər