11 Fevral 2020 11:30
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı (BMT) Keniya, Somali və Efiopiyada 13 milyon insanın çəyirtkə axını ilə üz-üzə qaldığı və ərzaq təhlükəsizliyinin ciddi təhdid altında olduğu barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, BMT Şərqi Afrika ölkələrində çəyirtkələrin sürətlə yayıldığını və insanların təhlükə altında olduğunu bəyan edib.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok keçirdiyi mətbuat konfransında Şərqi Afrikadakı vəziyyətin kritik olduğunu bildirib.

Onun sözlərinə görə, Keniya son 70, Efiopiya və Somali isə son 25 ilin ən pis çəyirtkə “istilası”na məruz qalıb.

Baş katibin müavini qeyd edib ki, çəyirtkələrin yayılmasının qarşısı alınmazsa, Şərqi Afrika ölkələri fəlakətlə üz-üzə qalacaq. O, çöl çəyirtkələri ilə mübarizə üçün 76 milyon dollar vəsaitə ehtiyac olduğunu söyləyib.

Loukokun fikrincə, çəyirtkə axınına iqlim dəyişikliyi də təsir göstərib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatında isə qeyd edilib ki, vəziyyət bir il ərzində nəzarətə götürülməzsə, bölgədə çəyirtkə vəbası yaşanacaq.


Müəllif: Nərgiz

Oxşar xəbərlər