Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili Tiflisin keçmiş meri Gigi Uqalavanın məhkəmədə mühakimə olunduğu vaxt siyasətə qayıtmağa hazır olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Marqvelaşvili siyasətdən birdəfəlik getmədiyini deyib.
“Ölkəmizin gələcəyi və müstəqilliyi şübhə altındadır. Əlbəttə belə bir vaxtda mən yenidən nəyin bahasına olursa-olsun, Gürcüstanın müstəqilliyini təmin etmək və qorumaq üçün aktiv məsləhətləşmələrə başlamışam”, -deyə eks-prezident bildirib.
2013-cü ildən 2018-ci ilə qədər ölkəyə rəhbərlik edən Marqvelaşvilinin sözlərinə görə, onun siyasi fəaliyyəti müxalifətə qarşı yönəlməyəcək, əksinə hakimiyyət əleyhdarlarının birliyini qoruyub saxlamağa kömək edəcək.
Fevralın 10-da Gürcüstan Ali Məhkəməsi Tiflisin keçmiş meri Uqalavanı 48 milyon lari (17 milyon dollardan çox) pul mənimsəmə iddiasında təqsirli bilib və 3 il 2 ay həbs cəzasına məhkum edib. Gürcüstan paytaxtının sabiq merinin mühakimə olunduğu məhkəmə işində Tiflis İnkişaf Fondundan 48 milyon lari mənimsənilməsindən bəhs olunur. Prokurorluğun bildirdiyinə görə, bu pul 2011-2012-ci illərdə həmin dövrdə iqtidarda olan Vahid Milli Hərəkatın koordinatorlarının maliyyələşdirilməsinə xərclənib.
Hökümət əleyhdarları hökmü siyasi motivli hesab edir və buna görə hakimiyyətlə danışıqların pozulduğunu açıqlayıb. Artıq hökumət əleyhdarları aprelin 4-də Uqalavaya dəstək olaraq geniş miqyaslı mitinq elan ediblər.