“Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlar beynəlxalq hüquq normalarına əsaslanır. Türkiyənin bu gün atdığı addımlar illər əvvəl Dəməşqlə imzalanmış Adana razılaşmasını özündə ehtiva edir. Məhz Şimali Suriya və ya İdlibdən Türkiyənin təhlükəsizliyi təhdid olunduğu üçün bu gün Ankara üçün hərbi əməliyyatlara başlamaq ehtiyacı yaranıb”.
Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.
Ekspertin fikrincə, Bəşər Əsəd ordusu Türkiyənin mövqelərinə hücum etməklə Rusiya ilə əldə edilmiş Soçi və Astana anlaşmalarını pozdu:
“Əlbəttə İran və Rusiyanın razılğı olmasaydı, Əsəd ordusu türk hərbçilərinə hücuma cəsarət etməzdi. Hesab edirəm ki, yaranmış vəziyyəti təhlil edən Türkiyə prezidenti Rusiyanın yekun mövqeyini öyrənməyə çalışır. Rusiya Prezidenti Vladimir Putin isə Ərdoğanla görüşdən yayınır. Çünki danışacaq sözü yoxdur. Buna görə də türk ordusu Dəməşqə girib Əsədi devirə də bilər.
Qənaətimə görə, nə İran, nə də Rusiya Türkiyə ilə açıq qarşıdurmaya gedəcək. Burada ABŞ və NATO Türkiyəyə ciddi dəstək verə bilər”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, artıq, Suriya böhanında yeni mərhələyə start verilib:
“Burada əsas günahkar isə Rusiya və İrandır. Türkiyəyə qarşı xəyanət edilir, bunun da bədəlini Ankara yox, Əsədi dəstəkləyən dövlətlər ödəyəcək. Hesab edirəm ki, vəziyyətin xaotik hal aldığını görən Rusiya Türkiyə ilə diplomatik danışıqları yenidən bərpa edə bilər. Amma Türkiyə İdlibdə öz təhlükəsizliyini təmin etməyənədək Rusiyanın şərtlərini qəbul etməyəcək.
Hesab edirəm ki, İdlibdə əsas rıçaqlar Türkiyənin əlindədir. Ankara hərbi əməliyyatları genişləndirərsə, Rusiya və İranın mövqeləri zəifləyəcək. Digər yandan, Əsəd ordusu ilə Türkiyə qüvvələri arasında faktiki qarşıdurma yaşanır. Rusiya da çalışır ki, Türkiyə İdlibdən geri çəkilsin. Buna görə də hələ ki, səssizliyini qoruyur. Bu baxımdan, ehtimal olunan Ərdoğan-Putin görüşündə anlaşmanın əldə olunacağını düşünmürəm”.