13 Fevral 2020 00:15
4 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 noyabr 1985-ci ildə Vaşinqtondakı sovet səfirliyində misli görünməmiş qarışıqlıq hökm sürürdü. Amerikalı jurnalistlər təcili mətbuat konfransının əsas qəhrəmanına – açıq qəhvəyi bığlı və soyuqqanlı bir insana daha yaxın olmaq üçün az qala bir-birlərinin başına çıxırdılar.

Məlumat verilmişdi ki, dörd ay əvvəl Amerika xüsusi xidmət orqanları onu Romada oğurlayıblar, ancaq o qaçmağı bacarıb. O vaxtdan təqribən 40 ilə yaxın vaxt keçir, amma hələ də bunun nə olduğu bilinmir – təxribat, uğursuz qaçış və ya sovet əks-kəşfiyyatına SSRİ-dəki Mərkəzi Kəşfiyyat İdarəsinin casus şəbəkəsini aradan qaldırmağa imkan verən KQB-nin ən uğurlu əməliyyatlarından biri.

Şübhələr dərhal yarandı. Amerikalı müxbirlər Federal Təhlükəsizlik Bürosundakı mənbələri vasitəsilə məlumat ortaya çıxarmağa başladılar: üç ay əvvəl Vitali Yurçenko adlı sovet diplomatı özü ABŞ-ın Romadakı səfirliyinə gələrək, gizli məlumatların ötürülməsi qarşılığında sığınacaq istəyib. Ziyarətçi formal olaraq, özünü Sovet İttifaqının Vaşinqtondakı səfirliyinin əməkdaşı kimi qələmə verib, ancaq bu yalnız bir örtük idi – Yurçenko dərhal KQB-nin kadr əməkdaşı olduğunu etiraf edib. Həm də Birinci Baş İdarənin) rəis müavini. Həmin idarə ABŞ və Kanadada casusluq əməliyyatlarının həyata keçirilməsi ilə məşğul idi. Amerikalılar bundan daha yaxşı məxfi məlumat mənbəyini xəyal belə edə bilməzdilər.

Qaçaq çekist danışmağa başladı

KQB əməkdaşının könüllü təslim olma faktı amerikalılarda təəccüb yaratmadı. Yurçenkodan iki həftə əvvəl sovet kəşfiyyatının Londondakı rezidentinin müavini Oleq Qordiyevski Böyük Britaniyaya qaçmışdı. Buna qədər Lubyanka ilə qeyri-qanuni agentlər arasında şifrəli rabitənin təhlükəsizliyi ilə məşğul olan Viktor Şeymov amerikalılara öz xidmətlərini təklif etmişdi.

Beləliklə, Yurçenkonun səfirliyə gəlməsi normal görünürdü. Özü də xəyanətinin səbəbini aşağıdakı kimi izah edirdi: SSRİ-də müalicəsi bilinməyən xərçəng xəstəliyinə yoluxmaqdan qorxur. Amerika təbabəti isə xeyli inkişaf edib. Bundan əlavə, o, bir sovet diplomatının həyat yoldaşı ilə eşq yaşayır və onunla həyatını yenidən başlamaq istəyir. Bunun üçün isə təbii ki, pul lazımdır.

Onu hərbi-nəqliyyat təyyarəsində onu ABŞ-dakı “Endryüs” hava bazasına təslim edirlər. Hətta uçuş zamanı da Yurçenkonu müşayiət edən MKİ əməkdaşları gəldikdən sonra onu gözləyən faydanı sadalayırlar: ildə 70 min dollar maaş, Vaşinqton yaxınlığında şəxsi kottec və əlbəttə, Amerika pasportu. Sadəcə, bizə daha çox danış!

Yurçenkonun hansısa oyun oynadığına dair şübhələr o ağzını açan kimi aradan qalxdı. Qaçaqçının söylədiklərində çox əhəmiyyətli məlumatlar olduğu ortaya çıxan kimi, MKİ-nin əks-kəşfiyyat şöbəsinin başçısı Qes Hetavey bu barədə təcili teleqramla məlumatlandırıldı. Yurçenko 1985-ci ilin yazında Sovet İttifaqındakı Amerika casuslarının adlarını bildirmək üçün bir amerikalının Avstriyadakı sovet səfirliyinə müraciət etdiyini söyləyir. Qeyd edir ki, özü bu adamı heç vaxt görməyib, ancaq kürən saçlı olduğunu və bir müddət əvvəl MKİ əməkdaşı olduğunu, Moskvaya ezamiyyətə getdiyini, ancaq bu yaxınlarda işdən çıxarıldığını bildirir.

Hetavey başını qucaqlayır – indi hər şey aydın idi. İki ay əvvəl MKİ əməkdaşları Moskvada diplomatik ad altında işləyən, sovet hərbi aviatexnikalarında yeni inkişaflar haqqında gizli məlumat verən ən qiymətli agent, mühəndis Adolf Tolkaçyovla gözlənilmədən əlaqəni itirir. Tolkaçyov MKİ üçün 6 il çalışır, o, ehtiyatlı və ağıllı idi, çünki dərhal KQB-nin onun xəyanət edəcəyindən şübhələnəcəyi versiyası var idi. İndi bu fərziyyə tam təsdiqləndi, Hetavey bu “köstəbəyin” adını dəqiq bilirdi – Edvard Li Hovard.

O, Tolkaçyovla əlaqə quran zabit idi, amma Moskvaya getməzdən bir az əvvəl poliqraf testi Hovardın narkotik və sərxoşluq ehtirasını gizlətdiyini göstərirdi. Aldatdığı üçün Hovard MKİ-dən pensiya almadan çıxarıldı – görünür, o, qisas almaq qərarına gəlmişdi...

Bununla yanaşı Yurçenko “oxumağa” davam edirdi. O, tezliklə digər sovet agentinin adını açıqlayır. Ronald Pelton ABŞ Milli Təhlükəsizlik Agentliyində texniki kəşfiyyat sahəsində çalışırdı. Yurçenkonun sözlərinə görə, hələ 5 il əvvəl Pelton sovet səfirliyinə müraciət edərək pul müqabilində “çox maraqlı şeylər” deməyi təklif edir. “Mən aldatmıram – məhz Pelton vasitəsilə SSRİ amerikalıların Oxot dənizinin dibindəki sovet rabitə kabellərinə qoşulan gizli aparat haqqında məlumat alırlar. Plutonium enerji mənbəyi ilə təchiz olunmuş unikal cihaz kabelin elektromaqnit şüalarını kabelin qabığına zərər vermədən ala bilər. Bunun sayəsində amerikalılar ABŞ-a qarşı nüvə zərbələri endirmək üçün nəzərdə tutulmuş sovet sualtı qayıqlarının yerləşmələri, həmçinin, Kapustin Yar poliqonundan ballistik raketlərin atılması barədə məlumat alırlar. İncə məqam – sovet admiralları kabelin təhlükəsizliyinə o qədər əmin idilər ki, bəzən şifrəsiz, açıq mətnlə danışıq aparırdılar.

(davamı olacaq)


Müəllif: Səxavət Həmid