17 Fevral 2020 18:56
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

458-ci ildə şair Esxil əlçatmaz bir gözəlliyi təsvir edəndə Afrodita ortaya çıxdı. Tanrıçanın kəməri sehirli idi. Kəmər onu geyinən hər kəsdə yeni arzu yaradırdı, ümidsizcə aşiq olurdu. Kimsə məhəbbət tanrıçasının mərhəmətli olduğunu demədi. Afroditanın istədiyi hər kəs ola bilərdi; öz oğlu, adi bir insan və ya tanrı. Rədd edilmədiyi sevmədi, amma kimsə də onun sevgisindən xoşbəxt ola bilmədi.

Teleqraf.com yunan mifologiyasının tanrıçası Afrodita haqda yazını təqdim edir.

Yunanlar onu Afrodita, romalılar Venera, etrusklar Turan, giqantlar isə Peribeya adlandırırdı. Afrodita klassik sənətdə fərqli şəkildə təsvir edilsə də, gözəlliyi istisna olmaqla digər özəlliklərindən bəhs olunmur. Çox vaxt simmetrik bədən quruluşu, gözəlliyi ilə onu görənləri özünə aşiq edən və çılpaq təqdim edilir. Sehirli kəməri ilə yanaşı alma, daraq, göyərçin və qu quşu da onun sevimli simvollarından biridir. Habelə geyinən hər qadını cazibədar göstərən sehirli bir büstqalteri var. Hera bunu Troya müharibəsində Zevsi yoldan çıxarmaq üçün geyinmişdi.

Afrodita antik dövrdən bu yana sənət dünyası üçün ən ideal fiqurlardan biri sayılır. Minlərlə rəsm əsəri və heykəllərlə yanaşı, minlərlə bədii mətnlərdə özünə yer tapıb. Əsrlərdir sənət dünyası bu sirli qadından diqqətini ayıra bilmir.

Hesiod onun haqda yazırdı:

Dalğalı dənizə atar-atmaz onları

Üzdülər dərinliyə uzun zaman

Ağ köpüklər çıxırdı bədənlərindən

Bir qız doğuldu bu ağ köpükdən

Əvvəlcə Kiteraya baş çəkdi bu qız

Oradan da dənizin içindəki Kiprə getdi

Oradan da torpağa ayaq basdı gözəl tanrıça

Yerdikcə yaşıl çəmənlər onu izləyirdi

İncə ayaqlarının basdı yerdən.

“Afrodita” dedilər ona tanrılar və insanlar

Bir köpükdən doğduğu üçün...

Dənizdən gələn qadın

Afrodita, yunan mifologiyasında məhəbbət, gözəllik və arzu tanrıçasıdır. Tanrıçanın doğulması ilə bağlı iki əfsanə var. Hesiodun “Teoqoniya” adlı əsərinə görə, Kron atası Uranı devirərkən cinsi orqanını oraqla kəsmiş, kəsilmiş orqanı dənizə düşərkən əmələ gələn köpüklərdən Afrodita doğulub. Tanrıça dənizdən çıxdıqdan sonra ölümsüzlər diyarına aparılıb. Homerə görə, Zevs və Dionanın qızıdır. Bir sıra mənbələr isə Afroditanın Kron və Geya, yaxud Uranla Hemeranın qızı olduğunu iddia edir. Suriya kökənli olduğu ehtimal olunan tanrıça əvvəl bərəkət tanrıçası idi, amma zamanla adı dəyişdi.

Afrodita və Aresin məhəbbəti

Müharibə tanrısı Aresi sevən Afrodita çirkin və topal Hefestlə evli idi. Amma öz ərinə Ares və Adonis kimi bir çoxuyla xəyanət etmişdi. Hefest arvadını Areslə birlikdə tutanda onları tələyə salaraq, Olimpdəki bütün tanrıları şahid kimi çağırdı. Tanrılar gördükləri mənzərə qarşısında güldülər. Poseydon isə onları tordan xilas etdi, Ares Trakiyaya, Afrodita isə Kiprə qaçdı. Tanrıça Pafosdakı məbəddə müqəddəs suda çimərək təmizləndi, öz gözəlliyinə yenidən qayıtdı. Tanrıça ilə Aresin məhəbbətindən Fobos, Deymos, Harmoniya, habelə antik dövrün yazarlarına görə Eros və Anteros doğulub. Tanrıça, eyni zamanda Dionisdən Priapus və Baxusu, Hermesdən Hermafroditi, Poseydondan Rodos və Herofili dünyaya gətirib. Ölümlülərə də arzu duyan tanrıça Anxisdən Eney və Livuşu doğub, habelə Adonis və Butesə də aşiq olub.

Mirranın oğlu Adonisə aşiq olan tanrıça uşağı Persefonaya əmanət etmişdi, amma uşaq böyüyəndə əmanəti geri vermədi. Zevsin araya girməsi ilə onun ilin üçdə birini Afrodita, üçdə birini Persefona ilə, yerdə qalanı isə istədiyi yerdə keçirməsinə qərarı verdi. Adonis o gündən sonra ilin üçdə ikisini Afrodita ilə keçirmək qərarı versə də, qısqanc Aresin qurbanına çevrildi, bir ov vaxtı çöl donuzu tərəfindən öldürüldü. Afrodita Aresin məşuqələrini də qısqanırdı. Erosu Oriona aşiq olmağa məcbur edərək ondan qisas aldı. Lemonlu qadınları ona ibadət etmədikləri üçün ərlərini öldürməyə məcbur edərək, arqonautlar gələnədək adanı kişisiz qoydu. Kinirin qızlarını isə tanımadıqları kişilərlə sevişməyə məcbur etdi.

Qəddar və gözəl

Afrodita onun yüksəlişinə mane olmağa çalışanlara qarşı sərt olmasa da, həqarət edənləri cəzasız qoymurdu. Bir dəfə Qlaukus adlı bir kişi onu təhqir etmişdi. Buna görə, at arabası yarışlarında onun arabasını çevirdi. Atlar təkcə onu əzmədilər, həm də bədənini yedilər. O, kişilərlə sevişərkən oğlu Erosu da yanında aparırdı.

Tanrıça oğlu Erosa tez-tez aşiq olmaqla cəzalandırmışdı. Özünə istədiyi kimi ibadət etməyən Suriya kralının qızı Mirranini lənətləyib atasına aşiq edir və bu qadağan olunmuş eşqdən Adonis doğulur.

Troya savaşı

Tanrıça Parisin hakim olduğu gözəllik yarışında Hera və Afinanın yox, özünün seçilməsi üçün ona gözəl Elenin məhəbbətini vəd edərək Troya müharibəsinin başlamasına səbəb olmuşdu. Afrodita savaş boyu troyalıların İtaliyaya girməsinə şərait yaradaraq Eney və Axillesi dabanında vurub öldürən Parisi qorudu.

Afrodita kultunun əsas mərkəzləri Kipr və Kitira idi, amma tanrıçanın Knidosda da üç məbədi vardı. Habelə Kos adası, İda dağı, Abidos, Afina, Meqara, Sparta, Korinf, Siciliya və digər yerlərdə ona inanılırdı. Korinfdə qadınlar onun uğrunda fahişəlik edirdi, Yunanıstanın bir çox yerində onun şərəfinə festivallar təşkil olunurdu. Antik dövrün ən məşhur “Afrodita” heykəli e.ə 350-ci ildə Praksitel tərəfindən Knidosda hazırlanıb, habelə Romada bir neçə heykəli qoyulmuşdu.

Ad və ləqəbləri

Afroditanın bir çox ləqəbi vardı. Ən məşhurları isə bunlardır: Afrodita Akra (yüksəklik), Doritis (mərd), Epistrofey (kişilərə eşq üçün baxan), Efron (ədalətli səyahət), Limena (liman), Ponti (dərin dəniz), Arey (döyüşçü), Afrodita Miqonitis (unitar), Afrodita Nimfaeya (gəlin), Afrodita Melanis (qara), Skoşa (qaranlıq), Androfon (insan ovçusu), Efitimbr (məzarlardan), Pandemos (həbsinə ortaq olan), Afrodita Uran (cənnət), Pasifaya (parıldayan), Astoriya (parlaq), Afostrofiya (rədd edən) və Afrodita Morfo (düzgün).

Afrodita kəməri

Afrodita, yunan mifologiyasında istədiyi insanı özünə aşiq etmək məqsədilə istifadə olunan sehirli kəmərin adıdır. Tanrıçanın tez-tez qadınlara müvəqqəti olaraq verdiyi bu sehir tanrı və insanlarda cinsi istəklər yaradırdı. Afrodita bir dəfə bunu Heraya verərək Zevsi yoldan çıxarmağı əmr etmişdi. Beləliklə Troya savaşına istədiyi kimi müdaxilə etmişdi.

Afrodita Pandemos, bu, yunan mifologiyasında Afroditanın sülh və anlaşma tanrıçası kimi qəbul edildiyi bir variantın adıdır. “Afroditepolis” isə yunanların Afrodita ilə müqayisə etdikləri tanrıça Hathora səcdə edən Misir şəhərlərinə verdikləri addır.

Roma mifologiyasında adı Venera olan Afrodita başlanğıcda üzüm bağlarının qoruyucusu olsa da, zamanla məhəbbət, gözəllik, sevişmə və bərəkət tanrıçasına çevrilir. Vulkanın arvadı, Marsın sevgilisi, Kupidin anasıdır. Troyadan İtaliyaya gələn və romalıların atası olduğuna inanılan Eneyin anası kimi də qəbul edilirdi. Roma imperatoru Yuli Sezar onun şərəfinə Venera Genetriks məbədi tikdirərək ən nüfuzlu tanrılardan biri səviyyəsinə qaldırdı. Herentas adlandırılan Afrodita qurbangahda qanlı ayinlər təşkil edirdi.

Venera kultu

Venera kultu Ardea, Lavinium və Latiumda başlayıb. İlk Venera məbədi e.ə 295-ci ildə Samnitlərə qarşı savaşda qələbədən sonra Aventin Təpəliklərində inşa edilən Venera Obsekventidir. Bu məbəd cinsi günahlarından təmizlənmək üçün qadınlar tərəfindən ziyarət edilirdi. Aprelin 1-də Venera Vertikordiya və Fortuna Virilisin şərəfinə Veneraliya, aprelin 23-də Venera və Yupiterin şərəfinə Vinaliya Urban, avqustun 19-da bərəkət məqsədilə Vinaliya Rustika, sentyabrın 26-da Venera Genetriks festivalları keçirilirdi. E.ə 215-ci il aprelin 23-də Afroditanın şərəfinə Venera Erikina məbədi inşa edilib.

İştar və İnanna

Bəzi mənbələrin iddiasına görə, Afrodita kultunun yunan mifologiyası ilə bağlılığı yoxdur. Tanrıçanın ən qədim kult mərkəzi sayılan Yunanıstanda dəlillərin tapılmaması, onun Zevs nəslindən sonra ortaya çıxan bir tanrıça olması bu inancın yunan olub-olmaması ilə bağlı müzakirələr yaradır. Bəzi mənbələr Afroditanın Yaxın Şərq tanrıçaları İştar və İnanna kultlarına bağlı olduğu, finikiyalılar tərəfindən yunan sivilizasiyasına daşındığı nəzəriyyəsini müdafiə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər