BMT Baş katibi Antonio Quterreşin İslamabadda əfqan miqrantlarla bağlı keçirilən konfransda çıxışı zamanı Quran ayəsindən sitat gətirməsi maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, Tövbə surəsinə istinad edən Baş katib ateistlərin belə sığınacaq tələbinə müsbət cavab verilməsinin vacibliyini vurğulayıb.
“Əgər, Allaha şərik qoşanlardan biri səndən sığınacaq istəsə, Allahın kəlamını eşidə bilməsi üçün ona sığınacaq haqqı tanı. Sonra da onu təhlükəsiz yerə çatdırın. Bu ayə mömin və ya inancsız miqrantların layiq olduğu müdafiəni müasir dövrdə təmin edən Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyadan yüz illər öncə söylənilən çox gözəl dözümlülük nümunəsidir", - deyə Quterreş bildirib.
Onun sözlərinə görə, əfqan qaçqınların öz ölkələrinə qayıda bilməsi üçün sülh təmin edilməlidir:
“Əfqanıstanda sülhün təminatı üçün çalışmaq yalnız həmrəyliyin nümunəsi deyil, həm də dünyanın xeyrinədir”.