Qazaxıstanın ilk prezidentinin nəvəsi, ailəsi ilə bağlı qeyri-adi açıqlamaları ilə məşhur olan London sakini Aysultan Nazarbayev “Feysbuk”dakı şəxsi səhifəsində Böyük Britaniyadan siyasi sığınacaq istədiyini yazıb. O, bu addımını Rusiya və Qazaxıstan hökumətləri arasında korrupsiya ilə bağlı məlumatlara malik olması ilə əsaslandırıb. Onun sözlərinə görə, söhbət “Qazaxıstan xalqından oğurlanan milyardlarla dollar”dan (1,5 milyard dollar) gedir.
Teleqraf.com xəbər verir ki, bu gün Qazaxıstan mediası məlum sosial şəbəkə hesabının A.Nazarbayevə aid olmadığını bildirib. Ancaq ekspertlər əvvəllər mediada xəbər verildiyi kimi, narkomaniyadan müalicə alan Qazaxıstanın keçmiş prezidentinin övladlarının Britaniya kəşfiyyatının əlində oyuncağa çevrildiyindən şübhələnirlər.
2019-cu ilin yayında Aysultan Nazarbayev onu başqasının mənzilindən qovmağa çalışan bir polisi dişlədikdən sonra bütün dünyada məşhurlaşmışdı. 2020-ci ilin yanvar ayında isə o, indiki sosial şəbəkə hesabında əsl atasının iddia edildiyi kimi, Rahat Əliyev deyil, öz babası Nursultan olduğunu yazmışdı.
“Ailəm mənə təzyiq göstərməyə çalışır”, – Aysultan Nazarbayev öz bloqunda yazıb. Gənc böyük təzyiq altında olduğunu etiraf edib, Qazaxıstandakı və Qazaxıstanın keçmiş prezidentinin ailəsindəki mövcud vəziyyətlə bağlı bəzi həqiqətləri açıqlamağa hazır olduğunu bildirib.
Nursultan və Dariqa Nazarbayevlər Aysultanın açıqlamalarına cavab verməyib. İnformasiya və ictimai inkişaf naziri Dauren Abayev mümkün qiymətləndirmələrin etik olmayan mahiyyətinə toxunub.
“Narkotik asılılığına görə müalicə olunan bir insanın açıqlamalarını müzakirə etmək və ondan sitat gətirmək hazırda qeyri-etikdir. Onun “açıqlamaları” deyil, səhhəti narahatlıq doğurur,” – Dauren Abayev “Xabar” telekanalının efirində bildirib.
Xatırladaq ki, Aysultan Nazarbayev 1990-cı ildə Nursultan Nazarbayevin böyük qızı Dariqa və Rahat Əliyevin ailəsində anadan olub. O, Britaniya Kral Hərbi Akademiyasını bitirib, Qazaxıstan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində xidmət edib və Britaniya və Qazaxıstanda peşəkar futbol klublarında oynayıb.