“Ukraynada atəşkəsin kövrək olduğu bugünkü təxribatla bir daha sübut olundu. Vladimir Zelenski Ukrayna Prezidenti olduqdan sonra birmənalı bəyan etdi ki, müharibə istəmir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspert qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ötən ilin yayından etibarən separatçılar və Moskva ilə razılaşmalar əldə etməyə başlamışdı:
“Ancaq vəziyyətin sabitləşməsinə inamın artdığı məqamda separatçılar Moskvanın təlimatı ilə yenə təxribata əl atdılar. Luqansk separatçıları Minsk razılaşmalarını pozaraq, bu gün təmas xəttini yarıb, hücuma keçməyə cəhd ediblər. Separatçılar Rusiyadan aldıqları bütün silah növlərindən Ukrayna ordusunun mövqelərinə zərbələr endirirlər. Ukrayna hərbçiləri arasında ölən və yaralananlar var. Ukrayna Prezidenti bu saatlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb. Zelenski nə qədər sülhpərvər olsa da, separatçıların təxribatını cavabsız qoymamağa çalışacaq.
Bu olay göstərdi ki, Kreml ətrafdakı münaqişələrin sülh yolu ilə həllindən ağız dolusu danışsa da, istədiyi məqamda nəzarət etdiyi separatçıları hərəkətə gətirə bilər”.
Elxan Şahinoğlunun sözlərinə görə, Zelenskinin hökuməti son aylarda iqtisadiyyatda müəyyən irəliləyişlər əldə etməyə başlamış, maaş və pensiyaları artırmışdı:
“Aydındır ki, Ukraynanın sakit şəraitdə problemlərini həll etməyə çalışması və addım-addım irəliləməsi Kremlin maraqlarına uyğun deyil. Ona görə də növbəti təxribata ehtiyac var idi. Onu da etdilər. İndi Zelenski vaxtının çoxunu və ölkəsinin ehtiyaclarını yenidən separatçılarla mübarizəyə cəlb etməlidir. Kremlə də elə bu lazımdır”.