Gürcüstanın sabiq Baş Naziri və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkat partiyasının keçmiş üzvü Vano Merabişvili bir sıra ittihamlar üzrə cəza çəkdiyi həbsxanadan azad edilib.
Teleqraf.com xəbər verir ki, Merabişvilinin azadlığa çıxdığı həbsxanasının qarşısında izdiham yaşanıb, tərəfdarları onu alqışlarla qarşılayıb.
“Mən, 6 il 9 ay təkbaşına bu həbsxanada oldum. Məmnunam ki, hər şeydən əvvəl özümə münasibətdə güzəştə getmədim”, - deyə Merabişvili jurnalistlərə açıqlamasında bildirib.
Keçmiş Baş Nazir qeyd edib ki, mövcud Gürcüstan hakimiyyətinə son qoymaq üçün mübarizə aparacaq:
“Tərəfdarlarıma, buradakı yaxın insanlara və uzaqdan mənim üçün gələnlərə demək istəyirəm ki, bu rejimə satılmadım. Bu hökumətin bir ildən sonra sona çatacağına zəmanət verirəm”.