20 Fevral 2020 15:00
2 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçən ilin dekabrında Robert Köçəryanın oğlu Sedrak Köçəryan yeni partiya yarada biləcəyini istisna etmədi. Fevral ayında isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, general Artur Vanetsyan yeni partiyanı quracağını elan etdi”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Vanetsyan və Köçəryan ailəsi qüvvələrini birləşdirərək ortaq bir partiya qurmaq haqda razılaşma əldə edib.

“Joxovurd” qəzeti də vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı”nın müxalif qüvvələrlə birləşərək partiya qura biləcəyini istisna etməyib.

“Hraparak” qəzeti isə yeni partiya ideyası ətrafında müzakirələrin ötən həftə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında baş tutan görüşdən sonra qızışıb.

Nəşrin iddiasına görə, Baş nazir Nikol Paşinyanın görüşdə özünü qeyri-adekvat aparması və Azərbaycan Prezidenti İlham Əliyev qarşısında susqunluq nümayiş etdirməsi Ermənistanda narazılıqla qarşılanıb. “Hraparak” Paşinyanın susqunluğunu “Azərbaycan tərəfinin təkliflərinə razılıq” adlandırıb.

Qəzet Köçəryan klanının artan təzyiqləri qarşısında Paşinyanın ABŞ-ın Açıq Cəmiyyət İnstitutuna (Soros Fondu) güvəndiyini bildirib: “Soros Fondu ilə ən fəal əməkdaşlıq edən “Mənim addımım” fraksiyasının nümayəndəsi Marina Karapetyandır. Görünür, sədr (Paşinyan) da Marina Karapetyanın təsiri altındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu