Qazaxıstanın Türküstan bölgəsindəki N sayılı hərbi hissənin çavuşu bölmədən bütöv bir silah arsenalını oğurlayaraq qaçıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Şımkent şəhəri yaxınlığındakı hava hücumundan müdafiə hissələrinin birində bir çavuş xidməti vəzifəsini yerinə yetirərkən bölməni icazəsiz tərk edib. Bundan sonra silah anbarında müəyyən sayda silah çatışmazlığı aşkar olunub.
Daxili İşlər Nazirliyi qaçan şəxsin Alma-Ata şəhərində saxlanıldığını bildirib. Həmin şəxsin 25 yaşlı Abılay Balqınbay olduğu məlum olub.
Qazax mediasının məlumatına görə, hərbçi anbarın qapısını açmaq üçün ehtiyat açarlardan istifadə edib. Həyəcan siqnalını söndürüb, 30 ədəd “AK-74” avtomatı, 27 ədəd “PM” tapançası, bir ədəd “PM” tipli silahı hərbi hissədən çıxarıb.
Hərbçinin hansı məqsədlə bu addımı atdığı açıqlanmayıb.