Yaponiyanın Baş Naziri hökumətin operativ qrupunun üzvlərinin yeni koronavirusa yoluxanların sayının potensial artımı ilə bağlı hazırlaşması barədə göstəriş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Nazir operativ qrupun fevralın 23-də keçirilən iclası zamanı bəyan edib. Ş.Abe bildirib ki, ölkənin müxtəlif regionlarından yolxucu xəstəliyin naməlum yollarla yayılması barədə daxil olan xəbərlər fonunda vəziyyət böhran həddinə çatıb.
Baş Nazir yeni koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar daha etibarlı və səmərəli tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Ş.Abe deyib ki, hökumət strukturları yeni koronavirusa yoluxanların sayının kəskin artması ilə bağlı vəziyyətə hazır olmalıdırlar. Bu zaman virusa yoluxmuş insanların səhhətinin ağırlaşması ilə əlaqədar səhiyyə xidməti mexanizminin yaradılmasına xüsusi diqqət yetirilməlidir.
Baş Nazir operativ qrupun üzvlərinə bildirib ki, bir sıra səhiyyə müəssisələri virusa qarşı qrip əleyhinə tətbiq edilən “Aviqan” dərmanından istifadə etməyə başlayıblar. Bununla yanaşı, müalicə məqsədilə yeni dərmanın axtarışı da davam etdirilməlidir.
Xatırladaq ki, bazar günü yerli vaxtla saat 11:30-a olan son məlumata görə, Yaponiyada yeni koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb. Buraya “Diamond Princess” kruiz laynerində qeydə alınan 634 nəfər də daxildir.