Vladislav Surkov Rusiya Prezidentinin köməkçisi vəzifəsindən getməsini şərh edib.
Teleqraf.com xəbər verir ki, V.Surkov Aleksey Çesnakovun “Aktual şərhlər” portalına müsahibəsində deyib:
“Özüm buna qərar verdim. Bu, tamamilə özünə sərbəstlik vermək idi”.
O əlavə edib ki, vəzifəsindən ayrılmasına peşman deyil.
“Getməsəydim,təəssüf edərdim. Yapışıb qalardım”, – deyə o bildirib.
Bununla belə, Surkov qərarının səbəbləri barədə suala birbaşa cavab verməyib:
“Bilmirəm. Hanısa formada yalan danışmamaq, amma artıq nələrsə deməmək də lazımdır... Axı mən əsasən, Donbas və Ukrayna ilə məşğul idim. Kontekst dəyişdi, gəlin belə deyək”.
Fevralın 18-də Rusiya Prezidenti Vladimir Putin V.Surkovun prezident köməkçisi vəzifəsindən azad edilməsi barədə əmr imzalayıb.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Surkovun öz istəyi ilə vəzifədən azad edildiyini bəyan edib. Əlavə edib ki, “Surkovun çoxillik təcrübəsinin və mübaliğəsiz qabiliyyətinin öz tətbiqini tapacağına” şübhə yoxdur.
Vladislav Surkov bu vəzifəni 20 sentyabr 2013-cü ildən tuturdu.