2 Mart 2020 15:17
3 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyada başlatdığı “Bahar qalxanı” əməliyyatı general Sinan Yaylanın rəhbərliyi ilə həyata keçiriləcək.

Teleqraf.com xəbər verir ki, 57 yaşlı Sinan Yayla 1962-ci ildə Giresunun Görele şəhərində anadan olub.

55-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında xidmət edən Sinan Yaylaya 2014-cü il avqustun 30-da general-mayor rütbəsi verilib. 2016-cı il avqustun 9-da isə Quru Qoşunlarının logistika komandanı vəzifəsinə təyin olunub.

General-mayor rütbəsi daşısa da, 2017-ci ilin avqustun 30-da heyəti general-leytenant olan Diyarbakırın mərkəzindəki 7-ci Korpus Komandirliyinə korpus komandiri vəzifəsinə gətirilib.

2018-ci ilin avqustun 2-də isə general-leytenant rütbəsinə yüksələn Sinan Yayla Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu komandanıdır.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Teleqraf.com-a açıqlamasında qeyd edib ki, “Bahar qalxanı”na Türkiyənin müəyyən hərbi kontingenti cəlb olunub:

“Tapşırığa uyğun olaraq hərbi qüvvələr əməliyyatlara başlayıb. General-leytenant Sinan Yaylanın başçılıq etməsi əməliyyatın nə dərəcədə əhəmiyətli olduğunu göstərən amillərdəndir".

Onun sözlərinə görə, Türkiyənin Əsəd hökumətinə verdiyi vaxt çərçivəsində şərtlərə əməl etmədiyi üçün rəsmi Ankara “Bahar qalxanı”na başlamalı oldu: “Artıq Əsəd çox itki verib. Çox şey Rusiya və Türkiyə Prezidentlərinin martın 5-də gözlənilən görüşündən asılıdır. Rusiyanın mövqeyi Türkiyənin maraqlarına toxunmayacaqsa, proses atəşkəslə nəticələnəcək. Türkiyənin mövqeyinə zidd hansısa addım atılsa, düşünmürəm ki, rəsmi Ankara sakit dayanacaq. Türkiyənin arxasında NATO, ABŞ dayanıb. Rusiya bunu çox gözəl başa düşür. Ona görə danışıqlarda Türkiyənin maraqlarını gözləməyə çalışacaq. Riskləri nəzərə alsaq, ən optimal yol da budur”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər