Rusiya və Türkiyə prezidentləri martın 5-də Moskvada görüşəcək. Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşün həmin gün baş tutacağını elan etsə də, Kremlin mətbuat katibi Dmitri Peskov bunu təkzib etdi. Peskov Vladimir Putinin Ərdoğanla görüşdən gərgin iş qrafikinə görə imtina etdiyini dedi. Kremldən təkzibin gəldiyi həmin gün, yəni fevralın 27-də Bəşər Əsəd ordusu İdlibdə Türkiyə Silahlı Qüvvələrinə hücuma keçdi. Hücum nəticəsində türklər ağır itki verdilər. Amma Türkiyənin əks həmləsi daha ağır oldu, Əsəd ordusu onlarla hərbi texnika, hava hücumundan müdafiə sistemləri ilə yanaşı, 5 generalı da daxil olmaqla, 2 minə yaxın canlı qüvvəsini itirdi.
Məlum hücumdan sonra Türkiyə Suriyada hərbi əməliyyatları bərpa etdi. Artıq bir neçə gündür davam edən gərginlik açıq qarşıdurma mərhələsinə keçib. Baş verənlərdə diqqət çəkən məqam isə türk ordusunun ağır zərbələri altında qalan Əsəd qüvvələrinin Rusiyadan dəstək ala bilməməsidir. Hesab etmək olar ki, belə bir dəstəyin Türkiyə ilə toqquşmaya səbəb olacağını nəzərə alan Moskva Ərdoğanla dialoqu yenidən bərpa etmək fikrinə düşüb.
Rusiyanın Əsəd ordusunun mövqelərini itirməyə başladığı bir vaxtda yenidən dialoqa qayıdacağı gözlənilən idi. Çünki bölgədə geniş imkanları olan Türkiyə ilə üz-üzə gəlmək böhranın miqyasını genişləndirə bilərdi. Əsədə gözlənilən dəstəyi verməmək isə, Rusiyanın nüfuz dairəsinin getdikcə kiçilməsinə göz yummaq kimi qəbul ediləcəkdi. Əlbəttə Kremlin başçısı buna razı olmayacaqdı.
Görüş təşəbbüsünün kim tərəfindən gəlməsi məsələsinin üstü örtülü qalsa da, bunu istəyən tərəfin Türkiyə olmadığı məlumdur. Amma görünən budur ki, Vladimir Putin artıq Rusiyanın əleyhinə işləyən savaşın dayandırılmasında maraqlı tərəf kimi görünməyə başlayıb. Ekspertlərin fikrincə, Türkiyə və Rusiya liderlərinin Moskvadakı görüşü İdlibin taleyini təyin edəcək.
Rusiyalı ekspert Martin Çulov hesab edir ki, Türkiyə və Rusiyanın növbəti addımları Suriya müharibəsinin son mərhələlərini müəyyənləşdirəcək.
Ekspert fevralın 27-də Bəşər Əsəd ordusunun İdlibdə Rusiyanın dəstəklədiyi hücumla Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə zərbə endirməsini xatırladır və qeyd edir ki, türklər Suriyanın hökumət qüvvələri bunun əvəzini ödəyənədək əməliyyatları davam etdirəcək.
Çulov Rusiya ilə müqayisədə Türkiyənin Suriyadakı hədəflərinin o qədər böyük olmadığını iddia edir. Onun fikrincə, əsas məqsəd Azad Suriya Ordusunun dəstəyi ilə kürd qüvvələrini Türkiyə sərhədlərindən uzaqlaşdırmaqdır. O, buna görə də, liderlər arasında baş tutacaq görüşdə Türkiyənin maraqlarının təmin olunacağını istisna etmir.