“Suriyada atəşkəs rejiminə əməl edilir. Bu, Rusiya lideri Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşün nəticəsidir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Viktor Muraxovski deyib.
Muraxovskinin sözlərinə görə, Suriyadakı vəziyyəti sakit saymaq olar, tərəflər atəşkəs anlaşmasına əməl edir:
“Nə Türkiyə, nə Suriya bölmələri, nə də Rusiya hava qüvvələri silaha əl atır. Son gün ərzində 3 hadisə qeydə alınıb. Həmin hadisələr də radikal islamçılar tərəfindən iri kalibrli sistemlərdən istifadə edilmədən atılan atəşlər olub. Ümumiyyətlə atəşkəs rejiminə əməl olunduğunu güman edə bilərik”.
Ekspert Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin yaxın günlərdə M4 şossesi yaxınlığında təhlükəsizlik zonasının demilitarizasiyası və birgə nəzarət üçün konkret tədbirləri müzakirə etmək üçün Türkiyəyə gələcəyinə diqqət çəkib:
“Prezidentlər arasında razılaşma nəticəsində Türkiyə tərəfindən dəstəklənən silahlı müxaliflərin mövqeləri təxminən 50 kilometr məsafəyə qədər İdlibin dərinliyinə çəkilib”.
Lakin Muraxovski Pilotsuz Uçan Aparatların (PUA) mümkün hücumları səbəbindən Xmeymimdəki rus hərbi bazasının təhlükədə qaldığını qeyd edib.