Prezident Vladimir Putin iddia edir ki, Rusiya dünyada strateji tarazlığı qoruya biləcək unikal hücum silahları hazırlayıb. “Heç kimlə müharibə aparmaq fikrində deyilik. Heç kimin bizimlə müharibə edəcəyini düşünməməsi üçün şərtlər yaradacağıq. Elə edəcəyik ki, bu, heç kimin ağlına gəlməsin”, – deyə Rusiyanın rəhbəri bu yaxınlarda müsahibələrinin birində söyləyib. Putin davamlı olaraq rəqiblərini qorxutmalı olan yeni hipersəsli silahlar haqqında danışır. O, Amerikanın raketdən müdafiə sistemini ayrıca qeyd edir. Putinin sözlərinə görə, yeni sistemlər “təkcə bizim üçün deyil, həm də beynəlxalq təhlükəsizlik üçün prinsipial əsaslıdır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Çexiyanın “Euro” portalında yer alan məqalədə bildirilib.
Yazıda qeyd olunur ki, Rusiya Prezidenti Sovet İttifaqının varisi Rusiyanın ən müasir silahlar sayəsində bütün rəqiblərini geridə qoyduğunu vurğulayır. Son 20 ildə silahlanmada onların payı 6%-dən 70% -ə qədər artıb:
“2019-cu ilin sonunda hipersəsli raketlərlə təchiz edilmiş ilk “Avanqard” raket sisteminin istifadəyə verilməsi planlaşdırılırdı. Rusiya nümayəndələrinin sözlərinə görə, onların sürəti 27 maxa (27 000 km/saat) çatır. Dekabr ayında ABŞ müdafiə naziri Mark Esper amerikalıların bu tip raket inkişafında bir neçə il geridə olduğunu söyləyib”.
Rusiya sənayesinin problemləri
Lakin yazıda qeyd olunur ki, Rusiya və postsovet məkanı üzrə mütəxəssis olan Pol Qobl Amerikanın Ceymstaun Fondu üçün şərhində Rusiyanın müdafiə sənayesinin problem yaşadığını və Putinin yeni silah sistemləri ilə bağlı uca səslə verdiyi vədləri yerinə yetirə bilmədiyini yazır:
“Bu, rus ordusunun silahlanma vəziyyətindən də görünür. Məsələn, Rusiyanın yeganə təyyarədaşıyan gəmisi “Admiral Kuznetsov” limanı tərk edə bilmir. 2019-cu ilin dekabr ayında təmir zamanı onun göyərtəsində yanğın baş verdi. Kreyser silahlanmaya 1991-ci ildə daxil edilib. Ancaq dizaynın etibarsızlığı səbəbindən “Admiral Kuznetsov” çox vaxt təmirdə olub. Müqayisə üçün: ABŞ-ın 11 təyyarə daşıyıcısı və 9 helikopter daşıyıcısı var”.
Sınıq gəmilər, raketlər və təyyarələr
“Rusiya ordusunun vəziyyəti Rusiya gəmilərinin dənizlərdə xidmət edə bilməməsi, raketlərin işləməməsi və hərbi təyyarələrin tez-tez qəzalara uğraması barədə xəbərdarlıq edən hərbi şərhçilərin əksəriyyətini narahat etməyə başlayır. Beləliklə, yeni hərbi hökmranlıq vəd edən Kremlin açıqlamaları təhlükəli şəkildə reallığa uyğun gəlmir”, –Pol Qoblın yazısından sitat gətirilir.
Bildirilir ki, V.Putinin yeni silahlar barədə açıqlamaları düşmənləri sözlə qorxutmağa xidmət edir, lakin bu taktika Kremlin başçısına uzun müddət xeyir gətirməyəcək. Əksinə, Qoblın qeyd etdiyi kimi, Rusiyanın strateji baxımdan düşünülməmiş və riskli addımlar atacağı təhlükəsi artır:
“Məsələn, əgər hərbi münaqişəyə qoşulursa, nüvə silahının tətbiqi sahəsində bu cür riskli addımlar təhlükəsi var. Bundan əlavə, Rusiya sənayesinin informasiya texnologiyaları sahəsində öz inkişafı yoxdur.
Rusiya və ABŞ-ın müdafiə xərcləri mütləq qaydada müqayisə olunmur. 1 oktyabr 2020-ci ildən 2021-ci il sentyabrın 30-dək ABŞ büdcəsindən (ABŞ-ın milli təhlükəsizliyinə xidmət edən müxtəlif dövlət qurumlarının xərcləri də daxil olmaqla) 934 milyard dollar ayrılması planlaşdırılır. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (International Institute for Strategic Studies) məlumatına görə, Rusiya müdafiə xərclərinə 62 milyard dollar xərcləyir. Çin və Səudiyyə Ərəbistanı, bəzi məlumatlara görə isə hətta Hindistan və Fransa da bundan daha çox xərcləyir”.