“Bir neçə gün əvvəl Ermənistanda yayılmağa başlayan koronavirus blokada vəziyyətində olan ölkə iqtisadiyyatını tənəzzül həddinə gətirib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.
Qəzet maliyyə resursları məhdud olan Nikol Paşinyan hökumətinin batan Ermənistan iqtisadiyyatını sükut içində izlədiyini qeyd edir:
“Ermənistan hakimiyyəti çətin vəziyyətdə qaldı və yardım üçün sələflərinə müraciət etmək qərarına gəldi. Bunlar iqtisadi blokun nümayəndələridir. Əldə etdiyimiz məlumata görə, martın 16-da hökumət parlamentdə sabiq maliyyə naziri Vardan Aramyan, onun sabiq müavini Vame Qabrielyan, maliyyə mütəxəssisi Avanes Avetisyan və iqtisadçı Aşot Xurşudyanın iştirakı ilə koronavirusla əlaqəli iqtisadi vəziyyəti və iqtisadiyyatdakı mümkün tənəzzülü müzakirə edib.
Xurşudyandan görüşün təfərrüatlarını öyrənməyə çalışdıq, ancaq o, bu barədə şərh verməkdən imtina etdi”.
“Hraparak” çarəsiz vəziyyətdə qalan Paşinyan hökumətinin sələfi Serj Sərkisyanın kadrlarından kömək istəmək məcburiyyətində qaldığını yazıb.