19 Mart 2020 14:31
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir, vəhdətidir.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində əkisini tapıb.

Dövlət başçısı televiziya ilə yayılan müraciətində deyib:

“Bu birlik özünü bir daha parlament seçkilərində göstərmişdir. Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisədir. Parlament seçkiləri ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə etdi. Parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapdı və Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı.

Yeni parlamentin qarşısında duran vəzifələr haqqında mən parlamentin ilk iclasında öz sözlərimi demişəm. Əlavə etmək istərdim ki, parlamentin tərkibi yenidən formalaşdı və ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndələri də yer aldı. Eyni zamanda, parlament komitələrinin rəhbərliyində də müxalifət nümayəndələri təmsil olunur. Bu, ölkəmizin tarixində ilk dəfə baş verən hadisədir və bir daha onu göstərir ki, bizim niyyətimiz çoxpartiyalı sistemin təkmilləşdirilməsidir. Sirr deyil ki, parlamentdə səslərin çoxluğu Yeni Azərbaycan Partiyasına məxsusdur. Əlbəttə, Yeni Azərbaycan Partiyasının razılığı olmadan bu islahatlar aparıla bilməzdi. Bu, onu göstərir ki, bu istiqamətdə atılan addımlar ölkəmizin gələcək uğurlu inkişafına müsbət təsir edəcək və ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır.

Eyni zamanda, Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi etmişdir. Bu da çox ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır. O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir. Eyni zamanda, Azərbaycan xalqı yaxşı görür ki, xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaqdır. Son hadisələr, bu istiqamətdə atılan addımlar bunu bir daha göstərir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər