İran Səhiyyə nazirinin müavini Əli Rıza Rəisi ölkənin ali dini lideri Seyid Əli Xameneyinin “İranlıların genetikasına uyğun olaraq virusun bir hissəsi iranlılar üçün hazırlanıb” iddiasını təkzib edib.
Teleqraf.com xəbər verir ki, videogörüntü ilə “Fars” agentliyinə danışan Səhiyyə nazirinin müavini bəyan edib ki, koronavirus İrana Çindən daxil olub.
Onun sözlərinə görə, bəzi media orqanları Covid-19 virusunu iki fərqli formada göstərməyə çalışır:
“İranda təsbit olunan koronavirusun digər ölkələrdəki koronavirusdan fərqli olduğunu qeyd edirlər. Bu Covid-19 İranda da, Çində də eynidir. Fərqlilik yoxdur”.
Xatırladaq ki, Seyid Əli Xameneyi martın 22-də İran dövlət televiziyasında çıxışı zamanı bəyan etmişdi ki, iddialara görə, iranlıların genetik quruluşuna uyğun olaraq virusun bir hissəsi iranlılar üçün hazırlanıb.