Çin Xalq Respublikası hökuməti xaricdən ölkəyə yeni növ koronavirus (COVID-19) infeksiyasının axınının qarşısını almaq üçün əcnəbilərin ölkəyə girişini müvəqqəti olaraq məhdudlaşdırmaq barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, qərara əsasən martın 28-dən etibarən qüvvədə olan vizası və yaşayış icazəsi olan bütün əcnəbilərin Çinə girişinə icazə verilməyəcək.
Çin Xarici İşlər Nazirliyinin və Dövlət Miqrasiya Administrasiyasının birgə yaydığı məlumatda bildirilir ki, vacib iqtisadi-ticari, elmi, habelə təcili humanitar səbəblər üçün Çinə səfər etmək istəyənlər Çinin xaricdəki səfirlik və konsulluqlarına viza üçün müraciət edə bilərlər.
Qeyd edək ki, son günlər Çinə xaricdən gələn sərnişinlər arasında COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması nəticəsində hökuməti sərhəd karantin tədbirlərini sərtləşdirib.