Yeni koronavirusla əlaqədar İranın həftədə 50 milyon ədəd maskaya ehtiyacı var.
Teleqraf.com xəbər verir ki, bunu İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və İranın Gömrük Administrasiyasının baş direktoru Mehdi Mirəşrəfi deyib.
M.Mirəşrəfinin sözlərinə görə, bununla əlaqədar son günlər İrana maska istehsal edən avadanlıqlar idxal edilib.
Nazir müavini daha çox maskanın istehsal edilməsi üçün startap şirkətlərlə danışıqların aparıldığını deyib.
Mirəşrəfi əlavə edib ki, indiyədək dünyanın 30 ölkəsi koronavirusla mübarizə ilə əlaqədar İrana yardım edib.
Nazir müavini bildirib ki, koronavirusla mübarizə ilə əlaqədar tibbi ləvazimat və avadanlıqlar 24 saat ərzində gömrükdən buraxılır.
Gömrük rəsmisi indiyədək 10 gömrük işçisinin koronavirusa yoluxduğunu bildirib.
İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (28 mart) 35 408 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 507 nəfərin öldüyünü və 11 679 nəfərin sağaldığını təsdiqləyib.