30 Mart 2020 19:50
2 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Çinin Uhan şəhərindən dünyaya yayılan yeni növ koronavirus pandemiyası 200-ə yaxən ölkəyə təsir edərək, çox sayda ölümlərə səbəb olub. Lakin bununla belə dünyanı cənginə almağa davam edən pandemiya haqda naməlum qalan suallar da var.

Teleqraf.com xəbər verir ki, ingilis araşdırmaçı Ceyms Qallager virusla bağlı hələlik cavabı rəsmi olaraq verilməyən 9 sualı incələyib.

Neçə nəfərə yoluxdu?

Bəsit görünən, amma ən kritik suallardan biri budur. Dünya miqyasında yoluxma sayı yarım milyonu keçdi, amma dünya əhalisinin sayına nisbətdə bu, çox kiçik rəqəmdir. Habelə, virus daşıyıcı olan, amma xəstələnməyən insanların təsbit edilməməsi vəziyyəti bir qədər qarışdırır. Amma antikor testinin hazırlanmasından sonra gizli virus daşıyıcıları da üzə çıxacaq. Yalnız bundan sonra koronavirusun nə qədər insana təsir etdiyi bəlli olacaq.

Əslində nə qədər ölümcüldür?

Real yoluxma sayını bilmədən ölüm nisbətini təsbit etmək mümkün deyil. Hazırkı hesablamalara görə, virusa yoluxanların yalnız 1 faizi həyatını itirib. Gizli daşıyıcıları da nəzərə alsaq, koronavirusdan ölüm hallarının daha aşağı olduğunu demək olar.

Əlamətləri nələrdir?

Koronavirusun əsas əlamətləri qızdırma və quru öskürəkdir. Həkimlər də əsasən, bu amillərə diqqət edirlər. Bununla yanaşı, bəzi xəstələrdə boğaz və baş ağrısı kimi şikayətlər də görünə bilir. Hətta bəzi xəstələr dad və qoxu bilmə duyğularını itirdiklərindən də şikayət edirlər. Ancaq ən önəmli suallardan biri burun axması və asqırmaq kimi adi qrip əlamətlərinin COVID-19-a da aid olub-olmadığı ilə bağlıdır. Bəzi koronavirus xəstələrində burun axması və asqırmaq da görünə bilir. Araşdırmaçılar bunun da ehtimallar arasında olduğunu bildirirlər.

Pandemiyanın yayılmasında uşaqların rolu nə qədərdir?

Uşaqlar da koronavirusa yoluxurlar, amma azyaşlıların böyük əksəriyyəti bunu yüngül keçirir. Az ölüm halları da uşaqlar arasında qeydə alınır. Amma uşaqlar park, məktəb və ictimai yerlərdə yoluxma üçün kiçik, amma əsas yoluxdurma mənbələri ola bilirlər. Bununla belə koronavirusun yayılmasında uşaqların nə qədər rol oynadığı məlum deyil.

Virusun mənbəyi nədir?

Koronavirus 2019-cu ilin sonlarında Çinin UHan şəhərində ortaya çıxıb. İlk yoluxma UHandakı bazarlardan birində qeydə alınıb. Rəsmi adı Sars-CoV-2 olan yeni növ pandemiya yarasalarda görünən viruslara bənzəyir. Amma virusun yarasalardan hələ məlum olmayan heyvanlara keçdiyi, bunlardan da insanlara yoluxduğu ehtimal edilir. Amma bu yayılma zəncirindəki əksik halqa hələlik tapılmayıb. Bu əksik halqa qabaqda yeni bir virusun yayılmasına da yol aça bilər.

İsti aylarda virusun yayılması dayanacaq?

Qrip və soyuqdəymə kimi xəstəliklər qış aylarında daha çox yayılır. Amma istilərin koronavirusun yayılmasına təsir edib-etməyəcəyi hələ məlum deyil. Havaların isinməsi yayılmanı zəiflətsə də, bunun qrip və ya soyuqdəymə ilə müqayisədə daha az olması gözlənilir. İsti aylarda koronavirusun yayılması zəifləsə belə, qış gələndə yoluxma hallarında yenidən sıçrayış baş verə bilər.

Niyə bəzi insanlar xəstəliyi daha ağır keçirir?

Yoluxanların böyük əksəriyyəti COVİD-19-u yüngül keçirir. Amma yoluxanların 20%-i daha ciddi problemlərlə qarşılaşır. Bunun səbəbi hələlik bilinmir. Burada immunitet sisteminin nə qədər güclü olub-olmadığının rol oynadığı ehtimal edilir.

İmmunitet sistemi nə qədər müqavimət göstərir və virusa ikinci dəfə yoluxma ehtimalı var?

İmmunitet sisteminin virusa qarşı nə qədər dayanıqlı olduğu haqda bir çox spekulyasiyalar mövcuddur, ancaq çox az konkret məlumat var. Virusa yoluxan və daha sonra sağalan şəxslərin yenidən immunitet qazanması lazımdır. Amma koronavirusun ortaya çıxmasından çox az vaxt keçdiyinə görə, immunitetin bu pandemiyaya qarşı nə qədər dayanıqlı olduğu bəlli deyil.

Virusa ikinci dəfə yoluxanlar üçün test nəticələrinin xətalı ola biləcəyi haqda fikirlər var.

Virus mutasiyaya uğrayır?

Viruslar həmişə mutasiyaya uğrayır. Amma genetik şifrələrində əmələ gələn dəyişikliyin böyük hissəsi önəmli bir fərq ortaya qoymur. Əsas fikir virusların uzun müddətdən sonra daha az ölümcül hala gəlməsi ilə bağlıdır. Virusun mutasiyaya uğramasından sonra qripdə olduğu kimi, bunun bədən tərəfindən tanınaması və yenidən yoluxucu pandemiyaya çevrilməsi yönündə narahatlıqlar var.


Müəllif: Mənsur Rəğbətoğlu