“Ötən gün Qazaxda Ermənistanla sərhəddə baş verənlərlə bağlı ermənilərin yanaşmalarında ziddiyyətlər var. Ermənilər yazırlar ki, 14 yaşlı yeniyetmə kənd sakini evdə dayanıbmış, Azərbaycan tərəfin açdığı atəşdən yaralanıb. Azərbaycan tərəfi isə rəsmən bəyan edir ki, yaşayış məntəqələrinə atəş açılmayıb, ermənilərin mövqeləri vurulub. Bəli, ermənilərin mövqeləri vurulub. 3 yaralı, hətta bizdə olan məlumata görə bir ölüləri də var”.
Teleqraf.com xəbər verir ki, bunu hərbi məsələlər üzrə ekspert Rəşad Süleymanov deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan Ordusu, içi Sərhəd Qoşunlarımız daxil olmaqla, heç vaxt dinc əhaliyə atəş açmaz:
“Bizi ermənidən fərqləndirən xüsusiyyət budur. Türk övladları tarixdə heç vaxt arvad-uşağa əl qaldırmayıb, əksinə düşmənin belə ailəsini qoruyublar. Bu bizim bir millət olaraq ən ali dəyərimiz, üstünlüyümüzdür.
İndi Ermənistan tərəfi cəbhədə baş verən atışma ilə eyni vaxta düşmüş mülki şəxsin yaralanmasından öz məqsədləri üçün istifadə edir. Əlinə şans düşmüşkən Azərbaycan tərəfini aqressivlikdə günahlandırmağa çalışır. Kəndə atəş açılıbsa, dəyən başqa ziyanlar olmalıdır. Bir sübut olsaydı, dünən erməni mətbuatı 72 millətin dilində onu yaymışdılar”.
Rəşad Süleymanov qeyd edib ki, Ermənistanın sərhədyanı kəndlərində əhalidə özünümüdafiə üçün silahlar var:
“Buna görə də düşünürəm ki, yeniyetmə kənd daxilində hansısa silahlı qarşıdurma zamanı açılan atəşdən, yaxud evdə mövcud olan silahdan istifadə zamanı yaralanıb. Digər yandan, cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat təhlükəsi hər iki tərəfdə hələ də qalır. Həmin yeniyetmə tapılmış sursatla ehtiyatsız davranışın da qurbanı ola bilər. Hər halda bu versiyanı diqqətdə saxlamaq lazımdır. Ehtimal var ki, yaxın vaxtlarda bu şəxsin adı Ermənistanda mina və PHS-dən zərər çəkənlər siyahısında çıxsın.
O da mümkündür ki, yeniyetmənin yaxınlarından ön xətdə xidmət edən kimsə, onu özü ilə posta aparıb, qəhrəmanlıq nümunələrini seyr etdirmək istəyib. Ola bilsin ki, ön xəttə ilk dəfə qədəm qoyan dığa türklərə atəş də açıb. Sağalandan sonra sosial şəbəkədə “qəhrəman”ın Azərbaycan əsgərinə atəş açması videosunu da görə bilərik”.