6 Aprel 2020 17:02
3 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya kəşfiyyatı koronavirusun Vuhandakı bir laboratoriyadan sızma nəticəsində meydana gəlməsinə dair versiyaları yenidən nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” hökumət dairələrindəki mənbələrə istinadən xəbər yayıb.
“Cobra” fövqəladə komitəsinin üzvlərindən birinin məlumatına görə, xüsusi xidmət orqanları həm bu variantı, həm də virusun canlılardan yoluxdurulması variantını istisna etmirlər.

“Virusun təbiətinə əsaslanan etibarlı alternativ mövcuddur. Vuhanda belə bir laboratoriyanın mövcud olması təsadüfi olmaya bilər. Bu versiya nəzərdən qaçırılmır”, – deyə nəşr qeyd edir.

Ötən ilin dekabr ayının sonlarında Vuhanda koronavirusun yayılmasından bəri koronavirusun meydana çıxmasının səbəbləri barədə mediada və sosial şəbəkədə dəfələrlə müxtəlif versiyalar yayılıb.

Bu nəzəriyyələrdən biri virusun Vuhan Virusologiya İnstitutunun laboratoriyasında süni şəkildə yetişdirildiyi versiyasına söykənir. Burada uzun müddət virus daşıyıcısı ola bilən, lakin xəstələnməyən yarasaların immun mexanizmləri araşdırılır. Versiyaya görə, yeni növ koronavirus oradan sərbəst buraxılıb. Ancaq Uzaq Şərq Federal Universitetinin Mikroorqanizmlərin ekologiyası elmi laboratoriyasının rəhbəri Mixail Şelkanov bir müddət öncə “RİA Novosti”yə açıqlamasında yeni növ koronavirusun süni mənşəli olmasına dair xəbərlərin “feyk” olduğunu bildirmişdi.

Çin Elmlər Akademiyasının Vuhan Virusologiya İnstitutu bu ittihamlarla bağlı açıq məktubla çıxış edib, onları yalan adlandırıb və institut işçilərinin vicdanının təmiz olduğunu qeyd edib.

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan beynəlxalq birliyin yalnız COVID-19-un yayılması ilə deyil, onun ətrafındakı hər cür konspiroloji nəzəriyyələr və “siyasi viruslar”la mübarizə aparmalı olduğunu söyləyib. O, “virusun sızması” və ya “bioloji silahların yaradılması” ittihamlarının heç bir elmi əsası olmadığını vurğulayıb.


Müəllif: Səxavət