Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, OPEC+ telekonfransı aprelin 9-da baş tutacaq. O, bazar ertəsinə planlaşdırılan iclasın təxirə salınmasını texniki səbəblərlə əlaqələndirib.
Teleqraf.com xəbər verir ki, telekörpüyə hazırlıq tam gücü ilə davam etdirilir. Rusiya bu işdə yaxından iştirak edir. Energetika naziri Aleksandr Novak həm xarici tərəfdaşlar, həm də Rusiya neft şirkətləri ilə daim əlaqədədir.
D.Peskov Rusiyanın özünün neft hasilatını azaltmağa nə qədər hazır olduğunu söyləməkdən imtina edib, yalnız gündə 10 milyon barelin bazardan çıxarılmasının lazım olduğunu xatırladıb.
Peskov, həmçinin bildirib ki, bazarı sabitləşdirmək üçün əvvəllər koordinasiyada iştirak etməyən ölkələr də sazişə qoşulmalıdırlar.
“Bunların hansı ölkələr olacağını deyə bilmərəm. Telekonfransı gözləməliyik”, – deyə prezidentin sözçüsü əlavə edib. Bundan əvvəl Aleksandr Novak ABŞ və OPEC+ xaricindəki digər ölkələrin də istehsalın azaldılmasına getməli olduğunu söyləmişdi.
Peskovun sözlərinə görə, Vladimir Putinin Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə əvvəlcədən telefon danışığı aparmaq planları yoxdur. “Ancaq indi bu cür təmaslar anındaca razılaşdırılır və lazım olsa dərhal təşkil oluna bilər”, – deyə Peskov bildirib.
Xatırladaq ki, cümə günü Vladimir Putin Səudiyyə Ərəbistanını OPEC+ kartelinin dağılmasında ittiham edib. Onun sözlərinə görə, krallıq şist neft istehsal edən rəqiblərindən yaxa qurtarmaq üçün istehsalın artırılmasına qərar verib. Ər-Riyad V.Putinin sözlərini inkar edib. Sonradan məlum olub ki, səudiyyəlilərin aprelin 6-na planlaşdırdığı OPEC+ telekonfransı daha sonrakı tarixə təxirə salınır.