Ermənistanın sabiq prezidenti Serj Sərkisyan 2016-cı ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri ilə baş vermiş döyüşlərdəki məğlubiyyəti araşdırmaq üçün qurulan parlament komissiyası qarşısında hesabat verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Ermənistanın sabiq prezidentinin 2016-cı ildə Qarabağda baş verən Aprel müharibəsini araşdırmaq üçün parlament komissiyasının iclasına gəlmək qərarı bu qurumun üzvləri üçün böyük sürpriz olub:
“Əldə etdiyimiz məlumata görə, aprelin 7-də Sərkisyanın iclasda iştirak etmək niyyətini öyrənən deputatlar bir araya gələrək keçmiş prezidentə verəcəkləri sualları müzakirə etmək qərarına gəlib. Deputatlar bu qərara qədər Sərkisyanın komissiyanın iclasında qatılacağını bilmirdilər. Amma komissiya üzvləri döyüşlərin baş verdiyi vaxt Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi olan Yuri Xaçaturovla bağlı suallara cavab verəcəyinə inanmırlar”.
Əlavə edək ki, general Xaçaturov ölkəsində aprel döyüşlərində Azərbaycan ordusuna məlubiyyətin əsas səbəbkarlarından biri hesab olunur.