8 Aprel 2020 22:14
2 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dostlar, mənə yazdığınız tənqidlər və təkliflər çox önəmlidir. Yalnız, bir şeyi nəzərə almağınızı xahiş edirəm. "Niyə filan şeydən danışmadınız?", "niyə filan şeyi demədiniz?" sayağı iradlar çox zaman yersiz olur".

Teleqraf.com xəbər verir ki, bu fikirlər deputat Erkin Qədirliyə məxsusdur.

Onun sözlərinə görə, məclisdə hər iclasın öz gündəliyi olur: "Mən, müəllimlik vərdiyişimə görə, mövzudan qırağa çıxmağı və çıxanları bəyənmirəm. Məclisdə çoxları mövzudan qırağa çıxır, müzakirə olunmalı məsələ qalır, keçirlər aidiyyatı olmayan söhbətlərə. Odur ki, sizə görə nədənsə danışmamışamsa, deməli o məsələ hələ müzakirə mövzusu olmayıb (başqalarının intizamsız danışıqlarına baxmayın).

İntizam demişkən, mən indi bir işçi qrupun üzvüyəm (Hüquq Siyasəti Komitəsində). Həmin qrupda deputatların yeni intizam qaydaları hazırlanır. Mən öz təkliflərimi hazırlayıram və həmin qaydaların sərtləşdirilməsinin tərəfdarıyam. Buraya mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun olmayan işlərə görə intizam tədbirlərin görülməsi aiddir.

Bilirəm, çoxunuz tələsir, məndən tezliklə böyük nəticə gözləyir. Mən bir çıxışla alqış qopara, sosial şəbəkələri partlada bilərəm. Bu, heç də çətin deyil. Kimsədən də qorxmuram. Nəticəsi nə olacaq? Deyim - mənimlə hamı əlaqəsini kəsəcək, ondan sonra mən seçicilər üçün heç bir iş görə bilməyəcəyəm. Daha öncə demişdim, bir daha yazım - şəxsən mənə deputatlıq lazım deyil. Mən bu işə ReAl və seçicilər üçün faydalı olmaq üçün girişdim".

E.Qədirliyə görə, ayrıca, ünvanına yazılan və söylənilən bəzi gümanlar çox aşağılayıcıdır: "Mən heç kəsə vicdanıma şübhə ilə yanaşmağa bəhanə verməmişəm, təmiz yaşamışam, bundan sonra da təmiz yaşayacağam. Kimsənin qarşısında gözükölgəli deyiləm. Tələsməyin. Yaxşı işlər yavaş görülür".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər