13 Aprel 2020 15:16
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın istər Ermənistandakı, istərsə də Azərbaycanın işğal edilmiş torpaqlarındakı ermənilərə yardım etməsi yeni məsələ deyil”.

İranın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçılara yardım etməsi barədə yayılan məlumatları Teleqraf.com-a şərh edən politoloq Natiq Miri belə deyib.

Ekspert xatırladıb ki, İran I Qarabağ savaşı və bundan sonrakı dövrlərdə Ermənistanın oksigeni rolunda çıxış edib:

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal edilməsinin əsas oyunçularından biri də qonşu İran dövlətidir. Hər tərəfdən blokadada olan Ermənistana İranın birbaşa hərbi və humanitar yardımları olmasaydı, bu cırtdan ölkə Azərbaycan ordusu qarşısında tab gətirə bilməzdi. Buna görə də İrandan ermənilərə yardımın olunması ilk hadisə deyil. Bu, bilavasitə Azərbaycana qarşı düşmənçilikdir. Bunun başqa adı yoxdur, hər şeyi öz adıyla çağırmaq lazımdır.

İran unutmamalıdır ki, Qarabağ savaşında Ermənistana etdiyi yardımlara görə, bu gün İran dövləti Azərbaycan xalqının yaddaşında düşmənin dostu kimi qalıb. Düşünürəm ki, bu rəyi Azərbaycan xalqının yaddaşından götürmək mümkün olmayacaq. Çünki İran ardıcıl olaraq, bu kimi düşmən fəaliyyətlərini davam etdirir. Hələ də Ermənistana yardımlarından əl çəkməyib. Üstəgəl, hələ də İranın bir sıra şirkətləri Azərbaycanın işğal edilmiş bölgələrində qanunsuz olaraq fəaliyyət göstərir. Bu fonda da, böyük maliyyə resursları qazanır. Əgər İran həqiqətən müsəlman dövlətidirsə və Azərbaycanın ictimai rəyində özünə müsbət imic qazanmaq istəyirsə, bu cür düşmən fəaliyyətlərini dayandırmalıdır”.

Natiq Miri bildirib ki Türkiyənin AKP hakimiyyətinin koronavirusla mübarizədə Ermənistana tibbi yardım etmək istədiyi barədə xəbərlər yayılır:

"Türkiyə hökuməti Azərbaycanın ictimai rəyində İran kimi düşmənin dostu olaraq qalmaq istəmirsə, bu absurd fikrindən imtina etməlidir. Bu məsələnin heç bir insani yönü yoxdur. Əgər bu insanlıqdırsa, o zaman, Azərbaycandakı 10 milyonluq toplumun insanlıq qəlbini hara yazaq? Nə İran, nə də Türkiyə bu məsələni izah edə bilər. Ortada minlərlə azərbaycanlının qətlə yetirilməsi faktı var. Hələ də Azərbaycanın minlərlə oğul və qızı Ermənistanda kölə kimi işlədilir.

Hesab edirəm ki, türk-müsəlman dövlətləri bu kimi addımlar atarkən, belə faktları gözardı etməməlidir. Bu məsələləri göz önündə tutub, unutmamalıdırlar ki, Azərbaycan xalqı xəyanəti heç vaxt bağışlamır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər