Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
O, bununla Belarus və Avropa İttifaqı arasında bu ilin yanvarın 8-də Brüsseldə imzalanmış viza rejiminin sadələşdirilməsinə dair müqaviləni təsdiq edib.
Razılaşmaya görə, vizanın müddəti 90 gün olacaq, viza haqqı olaraq 35 avro tələb olunacaq. 12 yaşına çatmamış uşaqlar, əlillər, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, habelə müəyyən təşkilatların üzvləri və elmi, mədəni, bədii və idman fəaliyyətlərinin iştirakçıları ödənişdən azad edilirlər.
Brüssellə uzun illər davam edən gərgin danışıqlardan sonra rəsmi Minsk bir müddət əvvəl Aİ ölkələri ilə viza rejimini sadələşdirmək niyyətində olduğunu bildirmişdi.