Ukrayna Prezidenti Vladimir Zelenski Çernobıl Atom Elektrik Stansiyasının təcrid zonasındakı geniş miqyaslı yanğınlardan danışıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı prosesi yaxından izlədiyini bildirib.
“Mən Çernobıl zonasındakı vəziyyəti yaxından izləyirəm. Yanğınsöndürənlərin əlindən gələni etdiyini bilirəm. Cəsarətlərinə görə onlara təşəkkür edirəm. Ukraynanın fövqəladə hallar üzrə dövlət xidmətinin rəisi Nikolay Çeçetkindən yanğınlarla bağlı məlumat alıram. Cəmiyyət həqiqəti bilməlidir və təhlükəsiz olmalıdır”, - Zelenski qeyd edib.
Çernobıl zonasında yanğınlar aprelin 4-də başlayıb. Səbəb quru otların yanması olub, bundan sonra alov ağaclara yayılıb. Əvvəlcə yanğınlar ərazidə 25 hektar ərazini əhatə etsə də, ancaq külək və quru hava səbəbiylə yanğınsöndürənlərin bütün səylərinə baxmayaraq, alov sürətlə yayılmağa başlayıb.
Aprelin 13-də yanğının Pripyat çayının əks sahillərinə yayıldığı barədə həyəcan siqnalı verilib. Son məlumata görə, yanğın Pripyat şəhərinə çatıb və Çernobıl AES-ə doğru irəliləyir. Nüvə tullantıları olan anbarlar üçün təhlükənin olduğu bildirilib.
Lakin Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti bu məlumatı təkzib edib. Qurum nüvə yanacağı anbarları üçün təhlükənin olmadığını söyləyib.
1986-cı ildə Çernobıl AES-də baş verən partlayış çox sayda insanın ölümünə və zərər görməsinə səbəb olub. Hələ də radiasiya sızıntısının olduğu ehtimal olunan AES-in yerləşdiyi ərazi təcrid olunub, yaşayış üçün bağlanılıb.