Cəbhə xəttində gərginlik daha çox atıcı silahlardan istifadədə özünü göstərir. S-300-lər isə konkret hava hücumundan müdafiə sistemidir. Cəbhədəki vəziyyətdən asılı olmayaraq – söhbət heç konkret S-300-dən də getmir – hava hücümundan müdafiə bölmələri periodik olaraq təlimlər keçir. Hava hücumundan müdafiə sistemlərindən istifadə olunur ki, Azərbaycanın hava hücumundan müdafiə qabiliyyəti güclü olsun.
Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
O bildirib ki, müxtəlif hava hücumundan müdafiə sistemləri fərqli məqsədlər daşıyır:
“S-300-lər daha yuxarıdan uçan obyektləri nəzarət altına götürür. Elə sistemlər var ki, onların hədəfi aşağıdan uçan xırda obyektlərdir. Bu sistemlər bir-biri ilə əlaqələndirilərək vahid sistem halında fəaliyyət göstərirlər. Vaxtilə biz buna oxşar sistemi İsraildən də almışdıq. İsrailin hava hücumundan müdafiə sistemi ən güclü sistemlərdən biridir.
Sözsüz ki, S-300-lərin həmin müdafiə sistemlərinin tərkibində böyük rolu var. Biz onu periodik olaraq sınaqdan keçirməliyik”.
Azad İsazadə qeyd edib ki, hava hücumundan müdafiə sistemləri cəbhə ilə daimi bağlıdır:
“Vəziyyətin gərgin olub-olmamasından asılı olmayaraq bu sistem daim işləməlidir. Sözsüz ki, ən təhlükəli istiqamət bizim üçün Ermənistan və Dağlıq Qarabağ, yəni cəbhə zonasıdır. Amma biz başa düşürük, ümumi hava hücumundan müdafiə sistemi İran, Gürcüstan və Rusiya sərhədində də olmalıdır ki, hansısa hava obyektləri Azərbaycan səmasına müdaxilə etməsinlər. Amma ilk növbədə təhlükə Ermənistandan gəlirsə sözsüz ki, S-300-lər cəbhə ilə birbaşa bağlıdır. Cəbədə vəziyyətin gərgin olub-olmamasından asılı olmayaraq bu sistem daim işləyir. Radarlar daim nəzarət edir. Cəbhədə vəziyyət gərginləşən kimi bu sistem sözsüz ki, daha ciddi rejimə keçir. Ancaq hazırda keçirilən S-300 divizionlarının təlimlərini mən birbaşa cəbhədəki gərginliklə bağlamazdım”.
Qeyd edək ki, Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb. S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.
Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.