ABŞ Dövlət Departamenti 2018-ci ildə Uhan şəhərində heyvanlarda koronavirus infeksiyalarını araşdıran laboratoriyanın təhlükəsizliyinin zəif təşkil edilməsi səbəbi ilə SARS-a bənzər yeni bir infeksiyanın yayılmasına şərait yaradacağı ilə bağlı Çinə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediasında məlumat yayılıb.
Məlumatda sözügedən laboratoriyanın təhlükəli bir infeksiyanın yayılmasında ciddi rol oynaya biləcəyi ilə bağlı detalların Çin hökumətinə təqdim edildiyi bildirilib.
2018-ci ildə bu məqsədlə ABŞ-ın Uhandakı baş konsulu Cemson Faus və Pekindəki səfirliyin rəsmi nümayəndəsi Rik Svitzerin həmin laboratoriyada olduğu bildirilib.
Məlumatda amerikalı heyətin laboratoriyanın təhlükəsizliyini artırmaq məqsədilə Pekinə verilən təkliflərdən ibarət 2 dosyenin Vaşinqtona geri qaytarıldığına diqqət çəkilib.
Başqa bir gizli dosyedə isə Uhandakı Virusologiya İnstitutunun laboratoriyasında peşəkar mütəxəssis çatışmazlığının və orada çalışanların əksəriyyətinin qeyri-peşəkar olduğu, bunun da yeni bir infeksiyanın yayılmasına zəmin yaratdığı da Çin hökumətinin diqqətinə çatdırılıb.
Çin hökuməti isə Vaşinqtonun iradları ilə razılaşmayıb.