Aprelin 15-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sürət gəmiləri Fars körfəzindəki ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə yaxınlaşaraq təhlükəli və təxribatçı manevrlər həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bəyanatında deyilir.
Pentaqonun məlumatına görə, İran gəmiləri ABŞ-ın 6 hərbi gəmisinə hərbi təlimlər zamanı yaxınlaşıb. SEPAH-a məxsus bir qrup gəminin Amerika qüvvələrinin 10 metr yaxınlığından keçdiyi bildirilib. ABŞ tərəfi buna cavab olaraq, rabitə əlaqələri vasitəsilə İran tərəfinə xəbərdarlıq göndərib.
Məlumata görə, İran gəmiləri təxminən bir saatdan sonra geri çəkilib.
“SEPAH-ın təhlükəli və təxribatçı hərəkətləri bölgədə toqquşma riskini artırır. Bu davranışlar dənizlərdə toqquşmaların qarşısının alınması üzrə beynəlxalq konvensiyaya uyğun gəlmir”, - Pentaqonun bəyanatında bildirilib.
Məsələyə münasibət bildirən ABŞ dövlət katibi Mayk Pompeo İran tərəfinə veriləcək cavabın Pentaqonla müzakirə edildiyini, qərarın verildiyini deyib.