İraqın Kərkük şəhərində PKK terror qruplaşması ilə “İraq-Şam İslam Dövləti” (İŞİD) təşkilatı arasında qızğın döyüşlər başlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumlar zamanı PKK-ya kürd hərbi birləşmələri (peşmərgə) də kömək edir. Şəhərin Tavuk yaşayış məntəqəsində yerləşən 3 kənddə baş verən toqquşmalar zamanı ölü və yaralıların olduğu bildirilir.
Yayılan məlumatlara görə PKK və peşmərgə gücləri artıq İŞİD-i Kərkükün Vəhyə kəndindən geri çəkilməyə vadar ediblər. Digər iki kənddə isə döyüşlər davam edir.
Toqquşmalarda əsasən katyuşa tipli raketlərdən istifadə edilir.
Peşmerge İŞİD-in əlində olan Kərkük yaxınlığındakı 4 kəndə də nəzarəti ələ alıb. Bu kəndlərin adları Xalid, Saad, Elbonecim və Elbohasan olaraq qeyd edilir.
İraq mətbuatında verilən xəbərlərdə kürd hərbi qüvvələrinin bu gün səhər saatlarından etibarən İraqda İŞİD-ə qarşı 3 cəbhədə mübarizə apardığı bildirilir.
Samir