Ermənistanın Ararat rayonunun Noraşen kəndinə giriş-çıxış bağlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında məlumat verib.
Məlumata görə, kənd sakinlərindən biri koronavirus səbəbindən karantinə aparılıb. Ailə üzvlərindən birinin ölümündən sonra isə həmin qadına polislərin müşayiəti ilə cənazəyə getməsinə icazə verilib. Kənddə karantin rejiminin elan edilməsi qərarının verilməsi də bundan sonraya təsadüf edib.
Paşinyan baş verənlər və kənddə karantin rejiminin tətbiq olunması haqda bunu deyib:
“Mərasim zamanı o, duyğularını saxlaya bilmədi, kişi qohumları ilə qucaqlaşdı, nəticədə polis vəziyyətə nəzarət edə bilmədi. İki gündən sonra bu şəxsdə koronavirus aşkar edildi”.
Onun sözlərinə görə, bundan sonra komendant idarəsi kənddə karantin rejiminin tətbiqinə qərar verib.