Rusiya rəsmi olaraq tətildədir. Prezident Putin öz xalqı qarşısında bir neçə dəfə çıxış edib və hər şeyin nəzarət altında olduğunu söyləyib. Koronavirusla mübarizəni isə o, qubernatorlara təhvil verib. Son 24 saat ərzində ölkədə daha 3448 nəfər yoluxub. Lider Moskvadır.
Teleqraf.com xəbər verir ki, bu fikirlər çexiyalı jurnalist Petra Proxazkova müstəqil “Denik N” jurnalında dərc olunan məqaləsində bildirilib.
Qeyd olunur ki, dünən (aprelin 13-ü nəzərdə tutulur) günortadan sonra ilk dəfə belə oldu:
“Prezident Vladimir Putin özünə əmin lider kimi görünmədi. O, vətəndaşlara vəziyyətin hər gün dəyişdiyini və bu dəyişikliyin yaxşı istiqamətə olmadığını söylədi. Əgər bu banal mesaj müvəffəq olmadığını etiraf etməyən bir adam tərəfindən edilməsəydi, ona xüsusi fikir verməmək olardı.
Prezident və nüvə dövlətinin silahlı qüvvələrin ali baş komandanı öz vətəndaşlarına koronavirusla mübarizə üçün ordudan istifadə etməyə hazır olduğunu da bildirdi. Hökumət üzvləri ilə dünənki müşavirə özünün atmosferi və ritorikası ilə düşmənə hücum ərəfəsində toplanan hərbi şuranı xatırladırdı. Və bu müşavirədə mütəxəssislər və böhran menecerləri üçün demək olar ki, heç bir şey yox idi”.
Yazıda daha sonra deyilir:
“Üstəlik, tabeliyində olanlarla belə görüşləri çox sevən Putin üçün bu görüş ağrılı oldu. O, videokonfrans rejimində – pandemiya zamanı yolverilməz olan fərdi əlaqə olmadan baş tuturdu. Ancaq Rusiya prezidentinin canlı auditoriyaya ehtiyacı var. O, belə bir auditoriya qarşısında özünü suda balıq kimi hiss edir. Məmurlarının itaətkar simalarının ona baxdığı soyuq ekranlar doğru atmosfer yarada bilməz. Ən pisi isə odur ki, mövcud vəziyyət Putinə özünü qəhrəman, maço (“Maço” ispan dilində hərfi mənada “erkək” deməkdir. Yüksək seksual cəlediciliyi olan, sözünü birbaşa deyən aqressiv kişiləri ehtiva edir) və qalib kimi göstərmək şansını vermir.
Rusiya koronavirusun toxunmadığı ölkədən inanılmaz dərəcədə tez bir zamanda dünyada xəstəliyin növbəti episentrinə çevrilir. Gündəlik statistika sevindirici deyil. Bu gün xəstəliyə yoluxanların sayı ardıcıl olaraq ikinci dəfə 24 saat ərzində üç mindən çox artdı.
Hər səhər milyonlarla rusiyalı infeksiyaya qarşı mübarizə aparan əməliyyat qərargahının nə xəbər verəcəyini səbirsizliklə gözləyir. Bu artıq yalnız rəqəmlər deyil, siyasətçilərin Rusiyada yaxşı dövrlərin keçmişdə qaldığını etiraf etməsidir.
İnsanlar onlarla bağlı hansı tədbirlər görüləcəyini, nələr ediləcəyini bilmək istəyirlər: onlar təcili qərarlar gözləyirlər, diskussiya yox. Çünki sonuncuya öyrəşməyiblər”.