Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 koronavirus infeksiyası ilə mübarizə üçün Belarusa sərt tədbirlərin görülməsini – karantin rejiminin, yaxud komendant saatının tətbiq olunmasını tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, bunu aprelin 21-də Belarus lideri Aleksandr Lukaşenko bildirib.
“Onlar (ÜST ekspertləri – red.) bizi sevmirlər. Bu, hər zaman kifayət qədər siyasətçinin cəmləşdiyi beynəlxalq təşkilatdır. Onlar hər yerə getdilər, hətta gözləmədiyim palatalara da girdilər. Bizə karantin tətbiq etməyə, bəlkə komandant saatı elan etməyimizə qədər bir çox məsləhətlər verdilər. Mütəxəssislər kimi bildirdilər ki, hakimiyyət yalan danışmır. Hər şeyi olduğu kimi söyləyir”, – deyə A.Lukaşenko Mogilyov vilayətinə işçi səfəri zamanı bildirib.
Qeyd edək ki, ÜST missiyası Belarusda koronavirusla bağlı vəziyyəti qiymətləndirmək üçün aprelin 8-dən 11-dək bu ölkədə işləyib. Beynəlxalq təşkilatın mütəxəssislərini dəvət etmək qərarı daha əvvəl Lukaşenko tərəfindən verilib.
Missiya respublikaya koronavirus şəraitində vətəndaşların sosial məsafə qoruması üçün tədbirləri gücləndirməyi, idman tədbirlərini və digər ictimai tədbirləri ləğv etməyi, məktəb və universitetləri onlayn tədrisə keçirməyi tövsiyə edib.
Belarusda koronavirus fokusu ilə mübarizə aparırlar. Respublika Səhiyyə Nazirliyindən bildirildiyi kimi, hakimiyyət orqanları koronavirus infeksiyasına yoluxan pasiyentləri, həmçinin, onların kimlərlə əlaqə qurduqlarını aşkara çıxarmaq üçün tədbirlər görür. Xəstələr və onların daha çox təmasda olduqları şəxslər təcrid olunur. Bütün ölkə ərazisində epidemiya əleyhinə tədbirlər aparılır, lakin səlahiyyətlilər karantin tətbiq etmirlər. Bununla yanaşı Lukaşenko daha əvvəl bildirmişdi ki, Səhiyyə naziri ona COVID-19-un yayılmasının qarşısını almaq üçün “bütün cəbhəboyu mübarizə” aparmağı təklif edib, lakin respublikanın bunun üçün resursları kifayət etmir.