“Paşinyan hökümətinin iki illik müddətinin bitməsinə bir aydan az vaxt qalır. İlk baxışdan görünür ki, bu vəziyyət hökumətin cəmiyyətdə hansı müsbət dəyişiklik və inkişaf əldə edə biləcəyini göstərmək üçün mühüm rol oynamalıdır. Bu, hökumətin fəaliyyətini və öz yüksək reytinqini nümayiş etdirmək üçün ən yaxşı səbəbdir, amma hakimiyyət və ölkə lideri narahat görünür”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Fakt” qəzeti yazıb.
Nəşr qeyd edir ki, Ermənistanda hakimiyyətə iki il və ya hətta bir il əvvəl olan güvən yoxdur:
“Nikol Paşinyan və komandası cəmiyyətə reallaşdıra bilməyəcəyi vədlərdən başqa daha böyük ümidlər bəxş etmədi. İctimai əhval-ruhiyyədəki dəyişikliklər hakimiyyətin mövcud böhrandan çıxmaq üçün çox çalışması üçün ciddi bir siqnaldır.
Bundan əlavə, hakimiyyət cəmiyyətin daha az məyus olmasını istəyirsə, xalqa qarşı tamamilə dürüst olmalı, çatışmazlıqlarını qəbul etməli və aradan qaldırılması üçün çalışmalıdır. Bəs hökumətin buna münasibəti necədir? Baş Nazir Paşinyan isə bütün canlı yayımını “böyük məyusluq”a həsr edir. Daha yaxşı olmazdımı ki, nöqsanlar və bunların aradan qaldırılması üçün görülən işlər barədə danışsın? Əlbəttə danışmır. Paşinyan bir qayda olaraq, canlı yayımlarında öz uğurlarını işıqlandırmağa və cari məsələlərin müzakirəsinə həsr etməyə üstünlük verir. Lakin son çıxışlarının məzmundakı kəskin dəyişikliklər Paşinyanın cəmiyyətdə xəyal qırıqlığının olduğunu başa düşməyə başladığını sübut edir.
“Fakt” erməni cəmiyyətinin məyusluğunun qiyamçı baş nazirə baha başa gələcəyini yazır:
“Çox güman ki, bu xəyal qırıqlığı pandemiyaya görə elan olunmuş fövqəladə vəziyyətin başa çatmasından sonra nümayişlər və etirazlar şəklində özünü göstərəcək. Çünki ölkədə sosial-iqtisadi vəziyyət pisləşir, iqtisadiyyatın bəzi sahələrində fəaliyyət tamamilə dayanıb və bu sahələrin bərpası uzun müddət çəkəcək. Nəticədə iş yerləri bağlanılır və minlərlə insan işini itirir. Ancaq bütün bunları dərk edən Paşinyan heç nə etmir. İnsanlar arasındakı məyusluqdan danışmır, ancaq siyasi rəqiblərinin və cəmiyyətin bəzi kiçik təbəqələrinin məyusluğunu vurğulayır. Amma sabah vətəndaşlar hökumət qarşısında etiraza qalxsalar, bunun bütövlükdə cəmiyyətin deyil, onun qeyd etdiyi qrupların xəyal qırıqlığının nəticəsi olduğunu elan edəcək”.