Şimali Koreya lideri Kim Çin İnin keçirdiyi ağır ürək əməliyyatından sonra səhhətinin kritik olduğu, Pxenyandan bununla bağlı rəsmi açıqlama verilməməsi səbəbindən ölkə lideri haqqında ən müxtəlif versiyalar gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, Kim Çin İnin sağlıq durumu ilə bağlı məsələnin beynəlxalq mediada bomba effekti yaratması müxtəlif fərziyyələri ortaya çıxarııb. Bunun bir səbəbi də Şimali Koreya mediasının səssizliyi qorumasıdır.
Belə ki, Pxenyan mediası “gündəlik” xəbərlərini davam etdirir, Kimin əvvəlki açıqlamaları və fotolarından istifadə edir.
Şimali Koreyanın dövlət agentliyi və “Rodong Sinmun” rəsmi qəzeti gündəlik xəbərlərində liderin adını çəkir, amma onun sağlamlıq durumu və harada olduğu haqda bilgilər vermir.
Xatırladaq ki, Kim Çin İnin atası 2011-ci ildə ürək çatışmazlığı səbəbindən vəfat edib və bundan sonra indiki liderin hakimiyyətə yolu açılıb.
Son müzakirələr isə Kimin ölməsi durumunda hakimiyyətə kimin gələcəyi haqqındadır. Liderin uşağının olub-olmaması haqda konkret informasiya yoxdur. Kəşfiyyat məlumatlarına görə, bir övladı olsa belə ölkəni idarə edəcək yaşa qədər Kim Çin İnin bacısı önə çıxa bilər. Kimin xələfi kimi təqdim edilən bacısı Kim Yo Jonq son 2-3 ildə dövlətin idarə edilməsində önə çıxıb. Əmək Partiyasının Siyasi Şurasının üzvü seçilən Kim Yo Jonq partiyanın Mərkəzi Komitəsində müavin postunu tutur. O, həmçinin aprel ayından rəsmi tədbirlədə qardaşını təmsil edir.
Kim Çin İnin 15 apreldə ölkənin qurucusu olan babası Kim Yonqun doğumu ilə bağlı təşkil edilən vacib tədbirdə görünməməsi səhhəti ilə bağlı məsələləri gündəmə gətirmişdi.
Onun səhhətinin kritik olması haqqında ilk olaraq CNN kanalı və ABŞ kəşfiyyatı məlumat yayıb. Amma Şimali Koreya rəsmiləri bunu təsdiq etməyib.
Rəsmi Pekin də bu xəbərin doğru olmasına şübhə ilə yanaşdığını açıqlayb. Rusiya isə Pxenyandan açıqlama gözlədiyini bildirib.