Rusiya Dövlət Dumasının deputatları Dmitri İonin və Fedot Tumusov yüksək hazırlıq rejimi və ya fövqəladə hallar zamanı Rusiyada “Telegram”ın bloklanmasını qadağan edən qanun layihəsi hazırlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” sənədin bir nüsxəsinə istinadən məlumat yayıb.
İdeya müəlliflərinin qeyd etdiyi kimi, qanun layihəsi “İnformasiya haqqında” qanunun 15.4-cü maddəsini tamamlamalıdır.
Sənədin mətnindən görünür ki, resurs dövlət orqanları tərəfindən “yüksək hazırlıq rejimi və ya fövqəladə vəziyyət dövründə mövcud vəziyyət barədə məlumat yaymaq və almaq üçün” rəsmi xidmət kimi tanınmalıdır.
Eyni zamanda, deputatların Rabitə və Kommunikasiya naziri Maksut Şadayevə göndərdikləri məktubda messencerin artıq sosial cəhətdən əhəmiyyətli bir funksiyanı yerinə yetirməyə başladığı vurğulanır.
“O cümlədən Rabitə və Kommunikasiya Nazirliyi pandemiya zamanı xaricdə qalan rusiyalı turistlər üçün məhz “Telegram” vasitəsilə xəbərdarlıq hazırladı”, – deyə məktubda bildirilir.
Qeyd edək ki, “Roskomnadzor” 2018-ci ilin aprel ayından etibarən Rusiyada “Telegram”ın işinə mane olur, onu vaxtaşırı bloklayır.