23 Aprel 2020 17:03
2 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə nazirinin müavini prezident Donald Trampın İrana qarşı verdiyi açıqlamaların Tehrana xəbərdarlıq rolunu oynadığını söyləyib. Eyni zamanda, ABŞ hərbi qüvvələrinin özünümüdafiə hüquqlarını həyata keçirərək, mümkün hücumlardan qorunacağını vurğulayıb.

“Prezident iranlılara vacib xəbərdarlıq etdi. O, bütün gəmilərimizin (Fars körfəzində) özünümüdafiə hüququnu qoruduğunu vurğuladı”, - ABŞ Müdafiə nazirinin müavini Devid Norvist jurnalistlərə bildirib.

Bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Amerika gəmilərini dənizdə təqib edən İran hərbi gəmilərini məhv etməyi əmr edib:

“Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə əmr verdim ki, gəmilərimizi dənizdə təqib etsələr, İran hərbi gəmilərini atəşə tutub məhv etsinlər”.

ABŞ prezidentinin qərarı, keçən həftə Fars körfəzində baş verən hadisədən sonra İranın hərbi-siyasi rəhbərliyi nümayəndələrinin açıqlamalarına reaksiya idi. Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini Əlirza Təngsiri aprelin 20-də körfəzdəki ABŞ hərbi gəmilərinin bölgəni təhdid etdiyini, buna qarşsı SEPAH-ın 700 km mənzilli raketlərinin olduğunu demişdi.

ABŞ hərbçiləri aprelin 15-də 11 SEPAH gəmisinin Fars körfəzindəki ABŞ hərbi gəmilərinə yaxınlaşmasını “təhlükəli və təxribatçı” adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər