Çin pandemiya ilə mübarizədə istifadə olunmaq üçün aprelin əvvəlindən bəri xaricə 55 milyard yuan (7,9 milyard ABŞ dolları) dəyərində tibbi avadanlıq və ləvazimat ixrac edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Baş Gömrük Administrasiyası məlumat yayıb. İxrac olunan tibbi vasitələrə 21,1 milyard qoruyucu maska, bir milyarddan çox geyim, 32,94 milyon eynək, 9,29 milyon termal kamera, 763 milyon cüt əlcək və s. daxildir. Aprelin əvvəlində gündəlik ixrac 286 milyon dollar idisə, son günlər bu rəqəm 357 milyon dollara çatıb.
Qeyd edək ki, dekabrın son günlərində Çinin Uxan şəhərində aşkarlanan yeni növ koronavirus (COVID-19) əvvəlcə Çində, sonra isə digər ölkələrdə sürətlə yayılaraq pandemiyaya çevrilib. Bu da öz növbəsində dünyada tibbi ləvazimata və avadanlığa ehtiyacı kəskin artırıb.