Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 1-dən etibarən də 31 şəhərdə 3 gün müddətlə küçəyə çıxma məhdudiyyətinə gediləcəyini elan edib.
Teleqraf.com-un məlumatına görə, R.T.Ərdoğan Prezident Kabinetindəki toplantısından sonra açıqlama verərək bildirib:
"İnşallah, dünyəvi bir fəlakət halını alan COVID-19 xəstəliyinin öhdəsindən gələrək Ramazanın sonunda ikiqat bayram etməyi arzu edirik. Xəstə və ölüm sayımız azalır. Sağalan xəstə sayının yeni yoluxanların sayını keçməsi önəmli bir qırılma nöqtəsidir. Ölkə və millət olaraq koronavirus infeksiyasına qarşı apardığımız mübarizənin konkret nəticələrini almağa başladığımız bir dönəmə girmişik".
Türkiyə Prezidenti bildirib ki, qadağa mayın 1-i gecə saatlarından başlayacaq və mayın 3-ü bazar günü gecəyə kimi davam edəcək. Bu müddətdə marketlər saat 09:00-dan 14:00-a kimi fəaliyyət göstərəcək.