28 Aprel 2020 12:03
2 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının spikeri Dmitri Razumkov Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin baş nazirin islahatlar üzrə müavini vəzifəsinə təyin olunmasına dəstək verəcəyinə əmin deyil.

Teleqraf.com xəbər verir ki, spiker hökumətdə islahatlara dəstək verə biləcək kifayət qədər peşəkar kadrların olduğunu bildirib.

“Mən həmişə demişəm ki, başqa dövlətlərin təcrübəsini mənimsəmək və müxtəlif sahələrə mütəxəssis cəlb etmək çox vacibdir. Ancaq buna baxmayaraq hesab edirəm ki, komandamızda islahatlar apara biləcək və kabinet üçün faydalı ola biləcək nazir həmkarlarımız var. Bu gün etibarilə hökumətdə kadr təyinatları ilə bağlı gedən müzakirələri bölüşəcəyimə və dəstək verəcəyimə əmin deyiləm”, - Razumkov bildirib.

O, kadr məsələlərində ən vacib amilin parlamntdəki səsvermə olduğunu söyləyib:

“Bu parlamentin iclasında bəlli olacaq. Amma məsələyə münasibətdə əksər fraksiylarda fikir ayrılıqları var. İclasda güc tarazlığının necə olduğunu görəcəyik. Bəziləri bu təşəbbüsü qətiyyətlə dəstəkləyir, bəziləri qarşı çıxır, bəziləri daha emosional, digərləri praqmatik təməl dəyərlərə əsaslanaraq yanaşır”.

Mixail Saakaşvili Ali Radada baş nazirin islahatlar üzrə müavini təyin edilməsi ilə bağlı səsvermənin aprelin 30-da keçiriləcəyini açıqlayıb. Prezidentin parlamentdəki Xalqın Xidmətçisi Partiyasının fraksiyasının rəhbəri David Araxamiya isə parlamentin gündəliyində Saakaşvilinin baş nazir müavini vəzifəsinə təyin edilməsi məsələsinin olmadığını söyləyib.

Saakaşvili daha əvvəl bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelensky onu islahatlar üzrə baş nazirin müavini olmağa dəvət edib, Beynəlxalq Valyuta Fondu və digər maliyyə təşkilatları ilə danışıqlar aparmaq barədə göstəriş verib. Ali Rada bu təyinat üçün səs verməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər