Amerikalı Maatje Bennasi Çinə koronavirusu gətirməkdə və yaymaqda ittiham olunur. Çin mediası və rəsmiləri elan edirlər ki, Uhan şəhərində koronavirusun yayılmasına məhz bu qadın səbəb olub.
Teleqraf.com xəbər verir ki, Maatje Bennasi noyabrda Çinin Uhan şəhərində keçirilən hərbçilər arasında olimpiadada iştirak edib. Ancaq o, sonradan Çin mediası və “sui-qəsd nəzəriyyəçiləri” tərəfindən virusu Uhana gətirən şəxs kimi təqdim edilib.
CNN kanalı qeyd edib ki, koronavirusa yoluxmayan ABŞ ordusunun nümayəndəsi Bennasi pandemiyanın başladığı gündən həyatının alt-üst olduğunu bildirib. Qeyd edib ki, hər gün haqqında bir cür xəbər yayılır, ev ünvanı sosial şəbəkələrdə yayılıb və onu dünyada yayılan koronavirusu başladan ilk adam kimi tənqid edirlər.
Hərbçi qeyd edib ki, artıq bu durumla əlaqədar olaraq ABŞ hökumətindən dəstək istəyib: “Bu ittihamlar Çin hökuməti və onun mediası tərəfindən ortaya atılıb. Tək səbəb isə mənim Uhanda velosiped yarışına qatılmağımdır. Artıq ölüm təhdidləri alıram”.